ABŞ Prezidenti Donald Trampın böyük oğlu Donald Tramp kiçik Estoniyanın paytaxtı Tallinə əvvəlcədən elan edilməmiş səfər edib. Səfərin məqsədi ilkin mərhələdə gizli saxlanılsa da, sonradan onun Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna ilə Ukrayna, təhlükəsizlik və iqtisadi məsələləri müzakirə etdiyi məlum olub.
MSNews.az xəbər verir ki, Tramp kiçik sentyabrın 6-da səhər saatlarında Monqolustandan Tallinə “Qatar Executive” şirkətinə məxsus şəxsi təyyarə ilə gəlib. Yerli medianın məlumatına görə, o, şəhər mərkəzində yerləşən “Radisson Collection” hotelində qalıb və hərəkətləri ciddi təhlükəsizlik tədbirləri altında həyata keçirilib.
İlkin xəbərlərdə səfərin şəxsi, siyasi və ya biznes xarakterli olub-olmadığı məlum deyildi. ABŞ-ın Estoniyadakı səfirliyi də səfərin məqsədi ilə bağlı açıqlama verməmişdi. Tramp kiçik sentyabrın 7-də səhər saatlarında Estoniyanı tərk edib.
Lakin sentyabrın 8-də Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna səfərin ən azı bir hissəsinin siyasi və təhlükəsizlik məsələlərinə aid olduğunu açıqlayıb. Nazir dövlət yayımçısı “ERR”-ə bildirib ki, ABŞ tərəfinin dəvəti ilə Tramp kiçiyin iştirak etdiyi 13 nəfərlik şam yeməyinə qatılıb və onunla uzun söhbət aparıb.
Tsaxknanın sözlərinə görə, görüş zamanı Ukrayna məsələsi fəal şəkildə müzakirə olunub, həmçinin Estoniyanın təhlükəsizlik və iqtisadi siyasətinə dair fikir mübadiləsi aparılıb. Nazir Tramp kiçiyi hazırda dövlət vəzifəsi tutmayan, lakin ABŞ prezident administrasiyasına yaxın və “çox təsirli şəxs” kimi xarakterizə edib.
“ERR” həmçinin Tramp kiçiyin Tallində biznes xarakterli görüşlər keçirdiyini və kazino sənayesi ilə əlaqəli tədbirlərdə iştirak etdiyini yazır. Tsaxkna isə qatıldığı şam yeməyində kazino biznesinin müzakirə edilmədiyini və özünün ABŞ tərəfinin şəxsi dəvəti ilə orada olduğunu bildirib.