Tayvan genişmiqyaslı “Han Kuan” hərbi təlimlərinə başlayıb

Tayvan mümkün Çin hücumu ssenarisi üzrə on günlük “Han Kuan” təlimlərinə başlayıb. Manevrlər zamanı ilk dəfə mobil internetin məhdudlaşdırılması da sınaqdan keçiriləcək.

61

Tayvan mümkün hərbi hücum şəraitində ordunun operativ qərarvermə və döyüş qabiliyyətini yoxlamaq məqsədilə illik “Han Kuan” təlimlərinə başlayıb.

MSNews.az xəbər verir ki, “Reuters” manevrlərin avqustun 5-dən 14-dək davam edəcəyini bildirib. Təlimlər Taybeydəki yeraltı komandanlıq mərkəzindən verilən əmrdən sonra qırıcı təyyarələrin ehtiyat bazalara keçirilməsi, hərbi gəmilərin təcili yerləşdirilməsi və rezerv qüvvələrin səfərbər olunması ilə başlayıb.

Təlimlərin əsas məqsədlərindən biri düşmənin hərəkətlərinin əvvəlcədən hazırlanmış ssenariyə uyğun gəlmədiyi hallarda komandirlərin müstəqil və çevik qərar vermək bacarığını yoxlamaqdır. Tayvan Müdafiə Nazirliyinin məlumatına görə, ssenarilərə komandanlıq məntəqələrinə və kritik infrastruktura zərbələr, dəniz blokadası, desant əməliyyatları, liman və logistika mərkəzlərinin sıradan çıxarılması daxildir.

“Associated Press” yazır ki, təlimlər zamanı ilk dəfə bəzi bölgələrdə mobil internetin sürəti müvəqqəti məhdudlaşdırılacaq. Məqsəd rabitənin pozulduğu şəraitdə ordunun, dövlət qurumlarının və mülki əhalinin fəaliyyətini yoxlamaqdır. Sınaqlar zamanı telefon zəngləri və SMS xidmətlərinin saxlanılması nəzərdə tutulur.

Pekin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir və adaya nəzarəti təmin etmək üçün güc tətbiqini istisna etmir. Tayvan rəhbərliyi isə təlimlərin müdafiə xarakterli olduğunu və mümkün hücuma qarşı davamlılığın gücləndirilməsinə yönəldiyini bildirir.