Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Sevinc Osmanqızı (Mirzəyeva ), Abid Qafarov və Beydulla Manafovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslər barəsində qiyabi hökm elan edilib.
Hökmə əsasən, Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafovun hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib. Bildirilib ki, Sevinc Mirzəyeva istintaqdan yayınaraq ölkə hüdudlarından kənarda gizləndiyi üçün barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və axtarış elan olunub.
İttihama görə, Sevinc Osmanqızı müxtəlif tarixlərdə “Sevinc Osmanqızı TV” adlı YouTube kanalında yayımladığı video müraciətlər və canlı dialoqlar vasitəsilə insanların iradəsinə təsir edərək mövcud hakimiyyətə qarşı zor tətbiqi yolu ilə çıxmağa, kütləvi iğtişaşlara və hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırışlar edib. Oxşar əməllərdə Abid Qafarov və Beydulla Manafovla qabaqcadan əlbir olduğu iddia olunur.
Abid Qafarovun “AzerFreedom TV” və digər platformalarda yayımlanan materiallar vasitəsilə analoji çağırışlar etdiyi, Beydulla Manafovun isə ekstremist məzmunlu çıxışlarda iştirak etdiyi bildirilir. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb olunublar.