Quba rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının iştirakı ilə dəyirmi masa formatında görüş keçirilib. Tədbir “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin ofisində təşkil olunub.
Görüşdə Azərbaycan Respublikası Prezidentinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı imzaladığı Fərman, Agentlikdə aparılan struktur islahatları, İdarə Heyətinin yaradılması və Müşahidə Şurasının yeni tərkibi müzakirə edilib. İştirakçılar yeni idarəetmə modelinin QHT sektorunda şəffaflığın artırılmasına və bütün təşkilatlar üçün bərabər imkanların yaradılmasına xidmət edəcəyini vurğulayıblar.
Tədbirdə QHT-lərin cəmiyyətin inkişafında artan rolu xüsusi qeyd olunub, Prezident İlham Əliyevin vətəndaş cəmiyyətinə göstərdiyi diqqət və qayğı yüksək qiymətləndirilib. Bildirilib ki, həyata keçirilən islahatlar III sektorun institusional inkişafına mühüm töhfə verəcək.
Görüş zamanı “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin müəllimlərdən ibarət komandasının “Xəmsə” Milli İntellektual Oyununda 11 001 bal toplayaraq qalib gəlməsi də xüsusi vurğulanıb. Bu münasibətlə keçiriləcək tədbir və Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun təşəbbüsü ilə QHT-lərin təşkilatçılığı altında dövlət qurumlarının əməkdaşları arasında planlaşdırılan intellektual müsabiqəyə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrin sonunda nəzərdə tutulan tədbirlərin icra planının hazırlanması, müsabiqənin formatının müəyyənləşdirilməsi və iş bölgüsünün aparılması barədə razılıq əldə olunub. Dəyirmi masada Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək, “İnnovativ İnkişafa Dəstək” və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək ictimai birlikləri iştirak ediblər.