Quba rayonunda qız şagirdlərin idmana cəlb olunmasına yönəlmiş “Pink Power Fest” – qız şagirdlərin idman festivalı layihəsinin açılış tədbiri keçirilib. Tədbir Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə təşkil olunub.
Açılış mərasimində layihəyə cəlb edilən məktəblərin – Quba rayonu Zərdabi, Qaraçay, Bağbanlı qəsəbə, Ağbil, İqriq, Hacıhüseynli, Qəçrəş, Küpçal, Səbətlər kənd tam orta məktəblərinin, Birinci Nügədi kənd 1 nömrəli tam orta məktəbin, Quba şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbinin, Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin, Quba şəhər 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin və Quba Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin fiziki tərbiyə müəllimləri iştirak ediblər.
Layihənin əsas məqsədi Quba rayonunun müxtəlif ümumtəhsil məktəblərində VI–IX siniflərdə təhsil alan qız şagirdlərin idmana cəlb olunması, sağlam həyat tərzinə təşviq edilməsi və kənd ərazilərində yarışlar təşkil etməklə qızlar arasında idmanın inkişafına təkan verməkdir.
Bu məqsədlə layihə çərçivəsində qızlar arasında şən startlar istiqamətində mütəhərrik oyunlar üzrə turnirin təşkili, futzal, basketbol və voleybol üzrə yarışların keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Pink Power Fest – qız şagirdlərin idman festivalı” layihəsi Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olan Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin fiziki tərbiyə müəllimi Kamran Əlimərdanov tərəfindən həyata keçirilir.







