Qırğızıstan Prezidenti Sadır Japarov Rusiyanın “Qazprom” şirkətini ölkənin qazlaşdırılması ilə bağlı öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə qaz infrastrukturunu yenidən dövlət nəzarətinə qaytarmaqla hədələyib. Dövlət başçısı bunun üçün “Kumtor” qızıl mədəninin nümunəsini göstərib.
MSNews.az xəbər verir ki, Japarov bu barədə noyabrın 3-də Talas vilayətinin Aytmatov və Manas rayonlarının sakinləri ilə görüşündə danışıb. “Kaktus Media” nəşrinin məlumatına görə, prezident ölkənin qaz şəbəkəsinin hazırda “Qazprom”a məxsus olduğunu və hökumətin müstəqil şəkildə qazlaşdırma işləri apara bilmədiyini bildirib.
“Artıq iki-üç ildir ‘Qazprom’a deyirəm ki, öhdəliklərinizi yerinə yetirməsəniz, ‘Kumtor’ kimi geri alacağam və qazlaşdırma işlərini özüm həyata keçirəcəyəm”, – deyə Japarov vurğulayıb.
Prezident xatırladıb ki, Qırğızıstanın qaz sistemi 2014-cü ildə simvolik olaraq 1 dollara Rusiyanın enerji nəhənginə satılıb. Müqaviləyə əsasən, şirkət ölkənin qaz infrastrukturunu modernləşdirməyi və qazlaşdırmanı genişləndirməyi öhdəsinə götürüb.
Japarovun sözlərinə görə, bu öhdəliklər indiyədək tam yerinə yetirilməyib. O, 2039-cu ilədək qüvvədə olan müqavilə səbəbindən hökumətin qaz şəbəkəsi üzərində sərbəst qərar vermək imkanının məhdud olduğunu bildirib.
“Trend” agentliyinin məlumatına görə, “Qazprom Qırğızıstan” qazlaşdırmanın ləngiməsini mövcud boru kəmərlərinin ötürücülük qabiliyyətinin məhdudluğu və modernləşdirmə ehtiyacı ilə izah edir. Şirkət 2030-cu ilədək ölkənin qazlaşdırma səviyyəsini 60 faizə çatdırmağı planlaşdırır.
Qeyd edək ki, Qırğızıstan 2022-ci ildə Kanadanın “Centerra Gold” şirkəti ilə razılaşmadan sonra strateji əhəmiyyətli “Kumtor” qızıl mədənini tam dövlət nəzarətinə qaytarmışdı. Japarov indi oxşar addımın qaz infrastrukturu ilə bağlı da atıla biləcəyini bildirir.
Bununla belə, “Qazprom”un aktivlərinin milliləşdirilməsi barədə hələlik rəsmi qərar qəbul edilməyib.