Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də yenidənqurma işləri başa çatdırılan Tərtər Elektromexanika Zavodunun açılış mərasimində iştirak edib. Dövlətimizin başçısı əvvəlcə zavodun ərazisində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub.
Müdafiə sənayesi naziri Vüqar Mustafayev Prezident İlham Əliyevə müəssisədə yaradılmış istehsal və texnoloji imkanlar barədə ətraflı məlumat verib. Bildirilib ki, zavod 1976-cı ildə Lionozovo Elektromexanika Zavodunun Tərtər filialı kimi yaradılıb və 1977-ci ilin aprelindən fəaliyyətə başlayıb. Müəssisədə elektrotexnika sənayesi məhsulları və xüsusi təyinatlı məmulatlar istehsal edilib, ilk dövrlərdə isə mühərrikli qayıqlar üçün “taxometr-spidometr” cihazları hazırlanıb. Zavodun əsasını qoymuş Ümummilli Lider Heydər Əliyev 1978-ci ildə onun rəsmi açılış mərasimində iştirak edib.
Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncama əsasən Müdafiə Sənayesi Nazirliyi yaradılıb və Tərtər Elektromexanika Zavodu nazirliyin tabeliyinə verilib. Yenidənqurma çərçivəsində müəssisədə müxtəlif növ hərbi təyinatlı məhsulların istehsalı üçün qabaqcıl dövlətlərdən alınmış müasir, yüksək dəqiqlikli texnoloji avadanlıqlar quraşdırılıb. Texnoloji xətlərin layihələndirilməsi, istehsal axınlarının qurulması və seriyalı istehsala uyğunlaşdırılması “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin yerli mütəxəssisləri tərəfindən həyata keçirilib. Hazırda istehsal proseslərinin milli hərbi-texniki normalara və beynəlxalq keyfiyyət standartlarına uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir, bu məqsədlə keyfiyyətə nəzarət laboratoriyası yaradılıb.
Zavodun ərazisində genişmiqyaslı tikinti və yenidənqurma işləri aparılıb, yeni istehsalat və köməkçi binalar istifadəyə verilib, mövcud tikililər əsaslı şəkildə yenilənib. Texnoloji tələblərə uyğun olaraq ballistik və resurs sınaqlarının keçirilməsi üçün xüsusi poliqonlar da yaradılıb.
Qeyd edək ki, Prezident İlham Əliyev müdafiə sənayesinin inkişafına xüsusi diqqət yetirir. Bu sahədə yerli şirkətlərin yaradılması, xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi və ən müasir texnologiyaların tətbiqi nəticəsində istehsal həcmi artmaqdadır. Ötən il Azərbaycanda 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal olunub, həmin məhsulların bir hissəsi Azərbaycan Silahlı Qüvvələrinin arsenalına, digər hissəsi isə ixraca yönəldilib. Hazırda Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir.













