Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Axar-Baxar və İlisu milli parkları haqqında əsasnamələrin təsdiq edilməsi ilə bağlı Fərman imzalayıb. Fərman fevralın 6-da imzalanıb.
Sənədə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Qanunun 21-ci maddəsinin beşinci hissəsi rəhbər tutulmaqla “Azərbaycan Respublikasının Axar-Baxar Milli Parkı haqqında Əsasnamə” və “Azərbaycan Respublikasının İlisu Milli Parkı haqqında Əsasnamə” təsdiq edilib.
Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu qərardan irəli gələn məsələlərin həllini təmin etməlidir.
Qeyd edək ki, təsdiqlənən əsasnamələr Axar-Baxar və İlisu milli parklarının hüquqi statusunu, mühafizə rejimini, idarəetmə mexanizmlərini və təbii sərvətlərin qorunması ilə bağlı tələbləri müəyyən edir. Sözügedən qərar ölkədə xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə olunmasının təkmilləşdirilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.