Macarıstanın yeni siyasi liderlərindən biri, “Tisza” Partiyasının rəhbəri Peter Madyar hesab edir ki, Ukraynadakı müharibə başa çatdıqdan sonra Avropa İttifaqı Rusiya qazının alınmasına yenidən qayıda bilər.
O, bu fikri Polşanın “Rzeczpospolita” qəzetinə müsahibəsində səsləndirib. Madyar bildirib ki, bunu coğrafi reallıq və enerji qiymətlərində rəqabət amili diktə edir.
Madyarın sözlərinə görə, Rusiya, Macarıstan və Polşa “olduqları yerdə qalacaqlar” və enerji siyasətində coğrafiya dəyişməyəcək. O qeyd edib ki, Macarıstan enerji mənbələrini maksimum diversifikasiya etməyə çalışacaq, lakin qiymət amilini də nəzərə almalıdır. Siyasətçinin fikrincə, Baltik dənizi, Polşa və Slovakiya üzərindən nəql olunan mayeləşdirilmiş qaz Rumıniya, Rusiya və ya Avstriya istiqamətindən alınan qazdan xeyli baha başa gəlir.
Bununla belə, Madyarın mövqeyi Avropa İttifaqının hazırkı enerji strategiyası ilə ziddiyyət təşkil edir. Avropa Komissiyasının məlumatına görə, Aİ Rusiya qazı idxalını mərhələli və daimi şəkildə dayandırmaq barədə siyasi razılığa gəlib; plana əsasən, Rusiya LNG idxalının 2026-cı ilin sonuna, boru kəməri qazının isə 2027-ci ilin payızına qədər dayandırılması nəzərdə tutulur.
Avropa Komissiyası həmçinin REPowerEU yol xəritəsini Rusiya nefti, qazı və nüvə enerjisinin Aİ bazarlarından mərhələli şəkildə çıxarılması strategiyası kimi təqdim edir. Brüssel bu siyasəti Rusiyanın enerji resurslarından geosiyasi təzyiq vasitəsi kimi istifadə etməsi və Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsi ilə əsaslandırır.
Macarıstan isə uzun müddətdir Rusiya enerjisindən asılılığına görə Aİ daxilində mübahisələrin mərkəzindədir. Madyar əvvəlki çıxışlarında da Rusiya enerjisinə qapını tam bağlamayıb və hökumətin neft və qazı “ən ucuz və ən təhlükəsiz yolla” əldə etməyə çalışacağını bildirib.