Tramp Reza Pəhləvinin İranda dəstək toplayacağını şübhə altına aldı

ABŞ prezidenti Donald Tramp "Reuters"-ə verdiyi eksklüziv müsahibədə İran müxalifətinin simalarından Reza Pəhləvinin ölkə daxilində real dəstək qazana biləcəyinə əmin olmadığını bildirib və İranda hakimiyyətin çökə biləcəyini istisna etməyib.

26

ABŞ prezidenti Donald Tramp “Reuters” agentliyinə verdiyi eksklüziv müsahibədə İran müxalifətinin tanınmış simalarından biri olan Reza Pəhləvinin ölkə daxilində kifayət qədər dəstək qazana biləcəyinə dair şübhələrini ifadə edib.

Ağ Evdə, Oval kabinetdə keçirilən müsahibə zamanı Tramp Rza Pəhləvini “çox xoş biri” kimi xarakterizə etsə də, onun İranda real lider kimi qəbul olunub-olunmayacağına əmin olmadığını bildirib.

ABŞ prezidenti deyib ki, Pəhləvinin öz ölkəsində necə qarşılanacağını bilmir və hələlik bu mərhələyə gəlib çatılmayıb, eyni zamanda, İran xalqının onun liderliyini qəbul edib-etməyəcəyinin də qeyri-müəyyən olduğunu vurğulayıb.

Tramp müsahibəsində İranda ruhani hakimiyyətin etirazlar fonunda çökə biləcəyini istisna etməyərək, əslində istənilən rejimin süquta uğraya biləcəyini bildirib və qarşıdakı dövrün maraqlı olacağını qeyd edib. ABŞ prezidenti daha əvvəl İranda etirazçılara qarşı sərt repressiyalar fonunda müdaxilə ehtimallarını dilə gətirsə də, bu dəfə İranın devrilmiş şahının oğlu olan və 1979-cu il İslam İnqilabından əvvəl ölkəni tərk etmiş Reza Pəhləviyə açıq və tam dəstək verməkdən çəkinib. ABŞ-da yaşayan 65 yaşlı Pəhləvi son aylarda etirazların fəal simalarından biri kimi çıxış etsə də, İran müxalifətinin müxtəlif qruplar və ideoloji cərəyanlar arasında parçalandığı, ölkə daxilində isə zəif təşkilatlanmaya malik olduğu bildirilir.

Müsahibə zamanı Tramp Ukrayna müharibəsinə də toxunaraq danışıqlarda yaranmış durğunluğa görə Ukrayna prezidenti Volodimir Zelenskini günahlandırıb və Rusiya prezidenti Vladimir Putinin razılaşmaya hazır olduğunu iddia edib. Onun sözlərinə görə, sülh sazişinin qarşısında əsas maneə məhz Zelenskidir və ABŞ bu prosesi irəli aparmaq üçün Kiyev rəhbərliyinin razılığını almalıdır.

Tramp həmçinin Ədliyyə Nazirliyinin Federal Ehtiyat Sisteminin sədri Cerom Pauellə bağlı apardığı araşdırmaya görə respublikaçıların tənqidlərini rədd edərək partiya üzvlərinin ona loyal olmalı olduğunu bildirib.

ABŞ prezidenti Venesuela mövzusuna da toxunaraq, ölkənin müvəqqəti rəhbərliyi ilə münasibətləri müsbət qiymətləndirib və müvəqqəti dövlət başçısı Delsi Rodrigeslə apardığı telefon danışığını maraqlı və məhsuldar adlandırıb. O, Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ilə Ağ Evdə görüşəcəyini də təsdiqləyib. Tramp müsahibə boyunca ABŞ iqtisadiyyatının güclü olduğunu vurğulayaraq, yaxın günlərdə Davosda keçiriləcək Dünya İqtisadi Forumunda bu mesajı beynəlxalq liderlərə çatdıracağını bildirib. Ağ Evin mətbuat katibi Karolin Livitt isə Trampın Davos səfəri çərçivəsində İsveçrə, Polşa və Misir liderləri ilə ikitərəfli görüşlər keçirəcəyini açıqlayıb.