NATO dağılmaq təhlükəsi ilə üz-üzədir?

NATO-nun 2027-ci ildə Albaniyada keçirilməsi planlaşdırılan sammiti baş tutmayacaq. Finlandiyalı analitik Sakari Linden alyans daxilindəki fikir ayrılıqlarının NATO-nun gələcəyini təhlükəyə atdığını bildirib.

65

NATO-nun 2027-ci ildə Albaniyada keçirilməsi planlaşdırılan liderlər sammiti baş tutmayacaq. Finlandiyalı siyasi analitik Sakari Linden bu qərarı alyans daxilində Ukrayna və digər məsələlər üzrə yaranmış ciddi fikir ayrılıqları ilə əlaqələndirib.

MSNews.az xəbər verir ki, Linden sosial şəbəkədəki açıqlamasında NATO-nun gələcəyi ilə bağlı narahatlığını ifadə edib.

“Biz NATO hərbi alyansının dağılmasına yaxınlaşırıq”, – deyə analitik bildirib.

“Associated Press” agentliyinin məlumatına görə, NATO müdafiə xərcləri, İran və Ukraynadakı müharibə ilə bağlı fikir ayrılıqları fonunda yüksək səviyyəli görüşlərin sayını azaltmaq qərarına gəlib.

Albaniyanın Baş naziri Edi Rama da 2027-ci ildə ölkəsində NATO sammitinin keçirilməyəcəyini təsdiqləyib. O bildirib ki, alyans üzvləri tədbirin yeni tarixi ilə bağlı hələlik ortaq mövqeyə gəlməyiblər.

“Reuters” agentliyinin məlumatına əsasən, sammitin Albaniyada keçirilməsi planı 2025-ci ildə Haaqada keçirilən NATO toplantısında razılaşdırılmışdı.