Moldova Rusiya qoşunlarının ölkədə qalmasını təcavüz saya bilər

Moldova Rusiya qoşunlarının ölkədə mövcudluğunu müəyyən hallarda silahlı təcavüz kimi qiymətləndirməyə imkan verən qanun layihəsi hazırlayıb. Yeni qaydalar 2027-ci ildə qüvvəyə minə bilər.

28

Moldova Rusiya qoşunlarının ölkə ərazisində mövcudluğunun müəyyən şərtlər daxilində silahlı təcavüz kimi qiymətləndirilməsinə imkan verən qanun layihəsi hazırlayıb. Sənəd xarici hərbi qüvvələrin razılaşma şərtlərini pozmasını və ya müvafiq saziş başa çatdıqdan sonra ölkədə qalmasını təcavüz aktı kimi təsnif etməyi nəzərdə tutur.

MSNews.az xəbər verir ki, Moldova Müdafiə Nazirliyinin hazırladığı layihə ölkədə mühasirə və hərbi vəziyyətin elan olunması qaydalarını yeniləməyi hədəfləyir. Bu barədə “Agentstvo” nəşri məlumat yayıb.

Hazırda Moldovanın Dnestryanı bölgəsində iki Rusiya hərbi kontingenti mövcuddur. Bunlardan biri 1992-ci il atəşkəs sazişi əsasında fəaliyyət göstərən sülhməramlı qüvvələrin Rusiya hissəsi, digəri isə Rusiya Qoşunlarının Əməliyyat Qrupudur. Kişinyov ikinci kontingentin ölkə ərazisində yerləşməsini Konstitusiyaya zidd hesab edir.

Qanun layihəsi həmçinin hibrid hücumlar, təxribat fəaliyyəti və ciddi təhlükəsizlik təhdidləri zamanı silahlı qarşıdurma başlamadan da mühasirə vəziyyətinin elan edilməsinə imkan yaradır.

Moldovanın ictimai yayımçısı “Moldova 1” bildirir ki, yeni qanunvericilik çərçivəsində hərbi təhlükə zamanı hərəkət azadlığının məhdudlaşdırılması, müəyyən əmlakın müdafiə ehtiyacları üçün istifadəsi və digər fövqəladə tədbirlər də nəzərdə tutulur.

Qanun layihəsinin ictimai müzakirəsi noyabrın 17-dək davam edəcək. Sənəd hökumət və parlament tərəfindən təsdiqlənərsə, 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi planlaşdırılır.

Qeyd edək ki, yeni müddəalar hələ qəbul olunmayıb və Rusiya qoşunlarının mövcudluğunun avtomatik olaraq silahlı təcavüz elan edilməsi barədə qərar verilməyib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti