Maykl Ceksonun həyatından bəhs edən “Michael” filmi dünya prokatında tarixi nəticəyə imza atıb.
MSNews.az xəbər verir ki, ekran əsəri 977 milyon dollar gəlir əldə edərək tarixdə ən çox gəlir gətirən bioqrafik filmə çevrilib.
“Rolling Stone” “Lionsgate” nümayəndəsinə istinadən yazır ki, “Michael” qlobal prokatda 977 milyon dollara çatıb və əvvəlki rekordçu “Oppenheimer”i geridə qoyub. “Box Office Mojo”nun məlumatına görə, Kristofer Nolanın “Oppenheimer” filmi dünya üzrə 975,8 milyon dollar gəlir əldə etmişdi.
Beləliklə, “Michael” təkcə musiqi bayopikləri arasında deyil, ümumilikdə bioqrafik filmlər kateqoriyasında da yeni rekord müəyyənləşdirib. Film daha əvvəl “Bohemian Rhapsody”ni geridə qoyaraq ən çox gəlir gətirən musiqi bioqrafiyası olmuşdu.
“Cadena SER” yazır ki, “Michael” Lionsgate tarixində də kommersiya baxımından ən uğurlu filmə çevrilib. Ekran əsəri ABŞ-da Lionsgate, beynəlxalq bazarlarda isə Universal Pictures tərəfindən yayımlanır.
Filmin rejissoru Antuan Fukuadır. Filmin rəsmi saytında qeyd olunur ki, Maykl Cekson obrazını onun qardaşı oğlu Cəfər Cekson canlandırır. Aktyor heyətində Nia Lonq, Maylz Teller, Kolman Dominqo və Laura Harye də yer alır.
“Michael” Maykl Ceksonun “The Jackson 5” qrupundakı ilk addımlarından başlayaraq onun dünya pop musiqisinin ən böyük simalarından birinə çevrilməsinə qədər olan dövrü əhatə edir. Film xüsusilə Ceksonun səhnə performansları, ailə münasibətləri, atasının sərt idarəçiliyi və musiqi sənayesində yüksəlişi üzərində qurulub.
Ekran əsəri kommersiya baxımından böyük uğur qazansa da, tənqidlərdən də kənarda qalmayıb. Bir sıra tənqidçilər filmin Maykl Ceksonla bağlı cinsi istismar iddialarına toxunmamasını əsas problem kimi göstəriblər.
“Deadline” yazır ki, filmin final versiyasında Ceksona qarşı irəli sürülmüş iddialar yer almayıb. Bu qərar tamaşaçılar və tənqidçilər arasında mübahisə yaradıb.
“The Guardian” isə film ətrafındakı əsas müzakirənin məhz Cekson irsinin necə təqdim olunması ilə bağlı olduğunu qeyd edir. Tənqidçilərin bir hissəsi ekran əsərinin sənətçinin həyatını “təmizlənmiş” formada təqdim etdiyini düşünür.
Bununla belə, tamaşaçı marağı filmin kassada böyük uğur qazanmasına səbəb olub. “The Guardian” daha əvvəl yazırdı ki, “Michael” ilk həftəsonunda dünya üzrə 217 milyon dollardan çox gəlir əldə edərək musiqi bayopikləri üçün rekord start götürmüşdü.
Filmin böyük kommersiya uğurundan sonra davam layihəsi ehtimalı da gündəmə gəlib. “Esquire” yazır ki, studiya potensial davam filmini nəzərdən keçirir, lakin hüquqi və yaradıcı məsələlər bu prosesin nə qədər tez baş verəcəyini qeyri-müəyyən saxlayır.
Hazırda “Michael”in 1 milyard dollar həddinə çatıb-çatmayacağı kino sənayesində əsas suallardan biri olaraq qalır. Əgər film bu göstəricini keçsə, tarixdə milyard dollarlıq gəlir əldə edən ilk bioqrafik film olacaq.