Küveyt kütləvi dron hücumuna məruz qaldı

Küveytə qarşı genişmiqyaslı pilotsuz uçuş aparatı hücumu həyata keçirilib. Ölkənin hava hücumundan müdafiə sistemləri dronların qarşısını almaq üçün işə salınıb.

60

Küveyt noyabrın 18-nə keçən gecə pilotsuz uçuş aparatlarının kütləvi hücumuna məruz qalıb. Ölkənin hava hücumundan müdafiə sistemləri hücumların qarşısını almaq üçün işə salınıb.

MSNews.az xəbər verir ki, bu barədə “Arab News” nəşri Küveyt Silahlı Qüvvələrinin açıqlamasına istinadən məlumat yayıb.

Küveyt ordusunun Baş Qərargahı bildirib ki, ölkə ərazisində eşidilən partlayış səsləri hava hücumundan müdafiə sistemlərinin düşmən dronlarını zərərsizləşdirmək üçün həyata keçirdiyi əməliyyatlarla bağlıdır.

Hərbi rəhbərlik əhalini təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

“Reuters” agentliyi də Küveytin hava hücumundan müdafiə qüvvələrinin dron hücumlarına qarşı tədbirlər gördüyünü təsdiqləyib. Hücumun miqyası, vurulan dronların sayı və mümkün dağıntılar barədə hələlik ətraflı məlumat açıqlanmayıb.

Hadisə Yaxın Şərqdə hərbi gərginliyin davam etdiyi dövrə təsadüf edir. Eyni vaxtda Bəhreyn də hava hücumlarına məruz qaldığını açıqlayıb.

Küveyt ordusunun son hücumla bağlı açıqlamasında pilotsuz uçuş aparatlarının mənşəyi barədə konkret məlumat verilməyib.