Kot-d’İvuar və Qanada kakao böhranı necə yarandı?

Dünya kakao qiymətlərinin kəskin enməsi Kot-d’İvuar və Qanada satış və ödəniş böhranına səbəb olub. Fermerlər aylardır pul ala bilmir, hökumətlər isə qiymətləri azaltmaq və ehtiyatları geri almaq addımları atır.

58
Qərbi Afrikanın iki əsas istehsalçısı – Kot d’İvuar və Qana – dünya kakao istehsalının təxminən yarısını təmin edir. Lakin 2026-cı ildə hər iki ölkə ciddi satış və ödəniş böhranı ilə üzləşib. Fermerlər məhsullarını sata bilmir, bir çox hallarda isə aylardır ödəniş ala bilmədiklərini bildirirlər.

Böhran necə yarandı?

Bu iki ölkədə kakao sərbəst bazarda satılmır. Dövlət tərəfindən təyin olunan tənzimləyici qurumlar məhsulun təxminən 80%-ni mövsüm başlamazdan bir il əvvəl qlobal treyderlərə satır və həmin satışlara əsasən oktyabr ayında fermerlər üçün sabit alış qiyməti müəyyən edilir.

2025-ci ilin oktyabrında Kot-d’İvuar əsas məhsul üçün tonu təxminən 5 min dollar, Qana isə 5300 dollara yaxın qiymət təyin etmişdi. Lakin dünya birjalarında kakao fyuçers qiymətləri kəskin şəkildə ucuzlaşaraq 3100 dollar civarına düşüb və il ərzində dəyərinin təxminən yarısını itirib.

Nəticədə beynəlxalq treyderlər yüksək qiymətə aldıqları Qərbi Afrika kakaosunu aşağı fyuçers qiymətləri ilə satmalı olduqları üçün böyük zərər riski ilə üzləşiblər. Bu səbəbdən də alışları faktiki olaraq dayandırıblar. Satılmamış kakao ehtiyatları xüsusilə Kot-d’İvuarda yığılıb qalıb, Qanada isə fermerlər noyabrdan bəri ödəniş almadıqlarını bildiriblər.

Dünya kakao qiymətləri niyə düşdü?

2024-cü ildə rekord səviyyəyə çatan kakao qiymətləri sonradan təxminən dörddə üç nisbətində ucuzlaşıb. Bunun əsas səbəblərindən biri tələbin azalmasıdır. Yüksək qiymətlər fonunda şokolad istehsalçıları məhsulların ölçüsünü kiçildib, kakao tərkibini azaldıb, alternativ yağ və əlavələrdən istifadəni artırıblar.

Eyni zamanda, əlverişli hava şəraiti nəticəsində məhsuldarlıq artıb və qlobal bazarda 300–400 min tonluq profisit yaranacağı proqnozlaşdırılır. Bu artıq təklif fonunda qiymətlər aşağı düşüb. Kot-d’İvuar və Qana isə böyük ehtiyatları saxlamaq üçün kifayət qədər maliyyə və anbar imkanlarına malik deyil.

Hökumətlər nə edir?

Kot-d’İvuar hökuməti fermerlərə vəsait təmin etmək üçün 100 min ton satılmamış kakao ehtiyatını təxminən 500 milyon dollar dəyərində geri alma proqramına başlayıb. Bundan əlavə, martın 1-dən etibarən fermerlər üçün sabit qiymətin təxminən üçdə bir azaldılması planlaşdırılır ki, beynəlxalq treyderlər üçün satışlar daha cəlbedici olsun.

Qanada isə kakao tənzimləyicisi fevralın 12-də fermerlər üçün sabit qiyməti təxminən üçdə bir azaldaraq tonu 3580 dollara endirib. Qurum ölkədə təxminən 50 min ton satılmamış kakao ehtiyatının olduğunu açıqlayıb.

İqtisadi təsirlər

Kakao Kot-d’İvuarın ixrac gəlirlərinin təxminən 40%-ni, Qananın isə 15%-ə yaxın hissəsini təşkil edir. Bu məhsul hər iki ölkə üçün əsas valyuta mənbəyidir. Xüsusilə, Qana son illərin ən dərin iqtisadi böhranından çıxmağa çalışır və xarici borcların restrukturizasiyası fonunda maliyyə imkanları məhdudlaşıb.

Təxminən 2 milyona yaxın kakao fermeri və onların ailə üzvləri – əksəriyyəti yoxsulluq həddində yaşayan insanlar – dolanışıqlarını bu sahədən təmin edir. Qiymət və satış böhranı onların sosial-iqtisadi vəziyyətinə birbaşa təsir göstərir.