Kəlbəcərdə sursat partlayıb: Qazax sakini xəsarət alıb

Kəlbəcərin Zəylik kəndində sursat partlayışı baş verib. Minalardan tam təmizlənməmiş ərazidə mal-qara otaran 1987-ci il təvəllüdlü Qazax sakini xəsarət alıb.

167

Kəlbəcər rayonunun Zəylik kəndində sursat partlayışı nəticəsində bir nəfər xəsarət alıb.

MSNews.az xəbər verir ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin birgə məlumatına əsasən, hadisə iyulun 21-də işğaldan azad edilmiş kənd ərazisində baş verib.

Bildirilib ki, 1987-ci il təvəllüdlü Qazax rayon sakini İsgəndərov Sərxan Ələsgər oğlu minalardan və partlamamış sursatlardan tam təmizlənməmiş ərazidə mal-qara otararkən partlayışa düşərək xəsarət alıb.

Hadisənin başvermə şəraiti ilə bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır. Zərərçəkənin səhhəti barədə əlavə məlumat açıqlanmayıb.

Aidiyyəti dövlət qurumları vətəndaşları mina təhlükəsi nişanlarına diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa və tanımadıqları, eləcə də təmizlənməsi başa çatmayan ərazilərə daxil olmamağa çağırıblar.