Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nərimanov Rayon Komitəsinin sədri Kamran Əsədov vəzifəsindən uzaqlaşdırılıb.
Hazırda sədr vəzifəsini Renata Mənsurova icra edir. Bu məlumat ETİHİ-nin Nərimanov Rayon Komitəsi tərəfindən təsdiqlənib.
Qeyd edək ki, K.Əsədov həmin vəzifəyə 2025-ci il noyabrın 27-də seçilmiş, noyabrın 28-dən isə fəaliyyətə başlamışdı.
Dekabrın 12-də onun barəsində cinayət işi açıldığına dair xəbərlər yayılmışdı. İbtidai istintaq artıq yekunlaşıb və hazırda məhkəmə istintaqı davam edir.
Kamran Əsədov tanışı Gündüz Abbasovla birlikdə 2025-ci ildə keçirilən qəbul və buraxılış imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunur. Onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3-cü maddəsi (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) üzrə ittiham elan edilib.