“Jirona”, “Malyorka” və “Oviedo” La Liqanı tərk etdi

İspaniya La Liqasında 2025/2026 mövsümünün sonunda “Jirona”, “Malyorka” və “Real Oviedo” aşağı liqaya düşüb. Ter Ştegenin mövsümü isə maraqlı paradoksla yadda qalıb.

İspaniya La Liqasında 2025/2026 mövsümünün sonunda elit divizionu tərk edən komandalar müəyyənləşib. “Jirona”, “Malyorka” və “Real Oviedo” növbəti mövsümdən İspaniyanın ikinci divizionu olan “LaLiga Hypermotion”-da çıxış edəcək. “Jirona” son turda “Elçe” ilə 1:1 hesablı heç-heçə etdikdən sonra liqada qalmaq şansını itirib.

Son turda “Jirona”ya elitada qalmaq üçün qələbə lazım idi. Komanda birinci hissədə hesabda geri düşsə də, fasilədən sonra Arnau Martinesin qolu ilə tarazlığı bərpa edib. Lakin Montilivi stadionunda qələbə qolu gəlməyib və bu nəticə “Jirona”nın aşağı liqaya düşməsi ilə nəticələnib.

“Malyorka” isə son turda artıq aşağı liqaya düşmüş “Real Oviedo”nu 3:0 hesabı ilə məğlub etsə də, bu qələbə komandanı xilas etməyib. Klub mövsümü 42 xalla başa vurub və “Osasuna” və “Levante” ilə eyni xal toplasa da, şəxsi oyunların nəticəsinə görə La Liqanı tərk edib.

“Real Oviedo” isə daha əvvəl turnir cədvəlinin son pilləsində qərarlaşaraq aşağı liqaya düşməsini rəsmiləşdirmişdi. Beləliklə, 2025/2026 mövsümündə La Liqa ilə vidalaşan üç komanda “Real Oviedo”, “Jirona” və “Malyorka” oldu.

Mövsümün maraqlı epizodlarından biri Mark-Andre ter Ştegenlə bağlıdır. Almaniyalı qapıçı mövsümə çempionluğu qazanan “Barselona”nın futbolçusu kimi başlamış, yanvar ayında isə “Jirona”ya icarəyə verilmişdi. “Barselona”nın rəsmi məlumatına görə, ter Ştegenin “Jirona”ya icarə müqaviləsi 30 iyun 2026-cı ilədək nəzərdə tutulub.

Bu səbəbdən ispaniyalı futbol azarkeşləri sosial şəbəkələrdə vəziyyəti zarafatla belə şərh edirlər: ter Ştegen eyni mövsümdə həm İspaniya çempionu olan komandanın üzvü olub, həm də mövsümü La Liqadan düşən klubda başa vurub.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
28 may 2026