Türkiyənin “Fənərbağça” və Azərbaycanın “Turan Tovuz” futbol klublarının nümayəndələri komandalar arasında keçiriləcək yoldaşlıq görüşündən əvvəl Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
MSNews.az xəbər verir ki, bu barədə “Turan Tovuz” klubundan məlumat verilib.
Nümayəndə heyətləri Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
Daha sonra “Fənərbağça” və “Turan Tovuz” təmsilçiləri Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını itirən şəhidlərin məzarları önünə gül dəstələri qoyublar.
Ziyarət iki klub arasında Bakıda keçiriləcək yoldaşlıq oyunundan əvvəl baş tutub. Görüşün Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Turan Tovuz” və “Fənərbağça” arasında futbol əlaqələrinin tarixi də var. Tovuz təmsilçisi 1994/95 mövsümündə UEFA Kubokunda “Fənərbağça” ilə qarşılaşmışdı.


