Prestianni Vinisiusa qarşı təhqir iddiasını rədd edib

“Benfika” futbolçusu Canluka Prestianni Vinisius Juniorla qalmaqala münasibət bildirib. UEFA argentinalını homofob diskriminativ davranışa görə 6 oyunluq cəzalandırıb.

5

“Benfika”nın argentinalı futbolçusu Canluka Prestianni “Real Madrid”in hücumçusu Vinisius Juniorla bağlı qalmaqala yenidən münasibət bildirib. O, argentinalı jurnalist Sofi Martinesə müsahibəsində braziliyalı futbolçunu irqçi formada təhqir etmədiyini və ümumiyyətlə qarşı tərəfin təxribatlarına cavab vermədiyini iddia edib.

Qalmaqal fevralın 17-də Çempionlar Liqasının pley-off mərhələsində “Benfika” – “Real Madrid” oyununda baş verib. Vinisiusun qolundan sonra futbolçular arasında gərginlik yaranıb, oyun isə irqçilik şübhəsi səbəbindən 11 dəqiqəlik dayandırılıb. Həmin vaxt Vinisius və komanda yoldaşları Prestianninin sözlərini irqçi təhqir kimi qəbul etmişdilər.

Sonradan UEFA argentinalı futbolçunu “homofob xarakterli diskriminativ davranışa” görə 6 oyunluq cəzalandırıb. Cəzanın 3 oyunu iki illik sınaq müddəti ilə şərti saxlanılıb, Prestianni isə artıq bir oyunluq müvəqqəti cəzanı çəkdiyi üçün faktiki olaraq daha iki oyunu buraxmalı olacaq. UEFA həmçinin cəzanın dünya üzrə qüvvəyə minməsi üçün FIFA-ya müraciət edəcəyini açıqlayıb.

Prestianni daha əvvəl “Telefe”-yə müsahibəsində Vinisiusa qarşı irqçi ifadə işlətmədiyini demişdi. “Mundo Deportivo”-nun yazdığına görə, argentinalı futbolçu ona qarşı irəli sürülən irqçilik ittihamının ailəsinə də təsir etdiyini bildirib və “heç vaxt etmədiyi bir şeyə görə” günahlandırılmağın onu incitdiyini söyləyib.

Yeni yayılan müsahibədə Prestianni Vinisiusun ona “təkbətək oyna, qorxaq” tipli ifadələr dediyini, həmçinin kobud sözlər işlətdiyini iddia edib. O, Mbappe və Vinisiusun oyunboyu onu təhqir etdiyini, lakin cavab vermədiyini bildirib. Futbolçu həmçinin Vinisius və Mbappeyə oyunçu kimi heyran olmadığını, yalnız Lionel Messiyə heyranlıq duyduğunu deyib.

Bununla belə, məsələ ətrafında ziddiyyətli məqamlar qalır. “Reuters” daha əvvəl Prestianninin irqçi təhqir işlətmədiyini dediyini, lakin Orelyen Tçuameninin sözlərinə görə, argentinalının homofob ifadə işlətdiyini qəbul etdiyini yazmışdı. UEFA-nın son qərarı da irqçilik yox, homofob diskriminativ davranış maddəsi üzrə verilib.