ABŞ millisi mükafatı qadınlarla bölüşəcək

ABŞ kişi futbol millisi DÇ-2026-da 1/8 finala yüksəldiyi üçün qazandığı FIFA mükafatının böyük hissəsini qadın millisi ilə bölüşəcək. Bu, ABŞ Futbol Federasiyasının 2022-ci ildə imzaladığı bərabər ödəniş sazişindən irəli gəlir.

10

ABŞ kişi futbol millisi DÇ-2026-da 1/8 finala yüksəldiyi üçün qazandığı mükafatın böyük hissəsini qadın millisi ilə bölüşəcək.

MSNews.az xəbər verir ki, ABŞ millisi mundialın 1/8 finalında Belçikaya 1:4 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

FIFA-nın 2026-cı il Dünya Çempionatı üçün açıqladığı mükafat bölgüsünə əsasən, 9-16-cı yerləri tutan komandalar 15 milyon dollar alır. Bununla yanaşı, turnirdə iştirak edən yığmalara hazırlıq məqsədilə əlavə ödənişlər də nəzərdə tutulub.

ABŞ mediası bu məbləğin ümumi hesablamada 16 milyon dollara çatdığını yazır. “ESPN”“Front Office Sports” məlumatına görə, ABŞ Futbol Federasiyasının 2022-ci ildə imzaladığı kollektiv müqaviləyə əsasən, federasiya Dünya Çempionatı mükafatının 20 faizini saxlayır, qalan 80 faiz isə kişi və qadın milli komandalarının oyunçu hovuzları arasında bərabər bölünür.

Bu mexanizmə görə, ABŞ kişi millisinin 2026-cı il mundialından əldə etdiyi 16 milyon dollarlıq gəlirin 3,2 milyon dolları federasiyaya qalır. Qalan 12,8 milyon dolların yarısı — 6,4 milyon dollar kişi millisinin, digər 6,4 milyon dollar isə ABŞ qadın millisinin oyunçuları üçün ayrılır.

Eyni prinsip qadınların növbəti Dünya Çempionatına da tətbiq olunacaq. ABŞ qadın millisi DÇ-2027-də uğurlu nəticə göstərsə, onların FIFA-dan qazandığı mükafat da eyni qayda ilə bölünəcək və kişi millisi də həmin məbləğdən pay alacaq. Bu model FIFA-nın kişi və qadın turnirləri üzrə mükafat fondları arasında hələ də böyük fərq qalmasına baxmayaraq, ABŞ daxilində milli komandalar arasında bərabər ödəniş yaratmaq məqsədi daşıyır.