“Real Madrid” 2026/27 mövsümü üçün yeni ev formasını rəsmi şəkildə təqdim edib.
MSNews.az xəbər verir ki, “Real Madrid”in rəsmi saytında yayılan məlumata görə, “Adidas”la birgə hazırlanan yeni forma klubun “zəriflik irsini” vurğulamaq məqsədi daşıyır. Dizayn klub gerbindəki tacın qiymətli daşlarından ilhamlanan qrafik elementlərlə hazırlanıb.
Yeni forma “Real Madrid”in ənənəvi ağ rəngini qoruyub saxlayır. Bununla yanaşı, dizaynda tünd yaşıl və çəhrayı çalarlar istifadə olunub. “Real Madrid Store”un təqdimatına əsasən, forma ağ baza üzərində tünd yaşıl və çəhrayı rəngləri birləşdirir, detallarda isə klub tacının brilyant və mirvarilərindən ilhamlanan motivlər yer alır.
“AS” yazır ki, yeni formada reklam və yaxalıq hissəsində tünd yaşıl tonlardan, “Adidas”ın üç zolağında isə çəhrayı rəngdən istifadə olunub. Nəşr qeyd edir ki, “Real Madrid”in ev formasında ağ rəngdən əlavə iki fərqli rəngin bu formada birlikdə istifadə olunması diqqət çəkən yenilikdir.
Formanın ağ hissəsində incə qrafik tekstura da yer alıb. Klubun təqdimatına görə, bu elementlər müasir dizaynla “mükəmməllik, sənətkarlıq və qalib mentaliteti” ideyasını birləşdirir.
Yeni forma elit performans tələbləri nəzərə alınaraq hazırlanıb. “Real Madrid”in məlumatına görə, forma “Adidas”ın ən son texnologiyalarından istifadə etməklə hava axınını maksimum artırmaq və futbolçuların oyun zamanı sərin qalmasına kömək etmək üçün dizayn edilib.
Təqdimat videosunda komandanın bir sıra ulduz futbolçuları yer alıb. “AS”ın məlumatına görə, rəsmi tanıtımda Cud Bellingem, Orelyen Çuameni, Brahim Dias, Vinisius Junior, Kilian Mbappe, Antonio Rüdiger və Din Heysen kimi futbolçular görünüb.
Yeni forma artıq “Real Madrid”in rəsmi mağazasında əvvəlcədən sifariş üçün satışa çıxarılıb. Rəsmi mağazada kişi ev forması 100 avrodan, autentik versiya isə 150 avrodan başlayan qiymətlərlə təqdim olunur.