Yunanıstanın “Olimpiakos” klubu basketbol üzrə Avroliqanın finalında Madrid “Real”ını 92:85 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Final Afinada keçirilib və bu qələbə Pirey təmsilçisinə tarixində dördüncü Avroliqa titulunu qazandırıb. “El País” yazır ki, “Olimpiakos” son titulundan 13 il sonra yenidən Avropanın ən güclü klubu adını qazanıb.
MSNews.az xəbəri “El País” nəşrinə istinadən verir.
Görüşə daha yaxşı başlayan tərəf “Real Madrid” olub. İspaniya klubu ilk hissədə 12 xala qədər üstünlük əldə edib və birinci periodu 26:19 hesabı ilə öndə tamamlayıb. Lakin “Olimpiakos” fasiləyədək oyunda dönüş yaradaraq hesabda 46:44 önə keçib.
İkinci hissədə mübarizə son dəqiqələrədək gərgin keçib. “Real” üçüncü periodun sonunda 65:61 hesabı ilə irəli çıxsa da, “Olimpiakos” həlledici anlarda daha soyuqqanlı oynayıb. Hesab 80:80 olarkən Yunanıstan klubu 8:0-lıq seriya ilə finalın taleyini böyük ölçüdə həll edib.
“Eurohoops”-un məlumatına görə, “Olimpiakos”un heyətində Evan Furnye 20 xal toplayaraq komandasının ən məhsuldar oyunçusu olub. Alek Piters 14, Saşa Vezenkov 12, Tomas Uolkup isə 10 xalla qələbəyə töhfə verib. “Real Madrid”də isə Trey Layls 24 xalla fərqlənib.
Bu titul “Olimpiakos”un Avroliqadakı dördüncü çempionluğudur. Klub daha əvvəl 1997, 2012 və 2013-cü illərdə turnirin qalibi olmuşdu. Avroliqanın rəsmi tarixi siyahısında “Olimpiakos”un 1997-ci ildə “Barselona”nı, 2012-ci ildə ÇSKA-nı, 2013-cü ildə isə “Real Madrid”i məğlub edərək çempion olduğu göstərilir.
“Real Madrid” isə növbəti dəfə Avroliqa finalında məğlubiyyətlə üzləşib. İspaniya mətbuatı Madrid klubunun bu nəticə ilə 12-ci Avropa titulunu qazanmaq fürsətini əldən verdiyini yazır.