Portuqaliya millisinin baş məşqçisi Roberto Martines DÇ-2026 üçün heyəti açıqlayıb. Siyahıda komandanın kapitanı Kriştianu Ronaldu da yer alıb. Beləliklə, 41 yaşlı hücumçu karyerasında altıncı dəfə dünya çempionatında iştirak etmək imkanı qazanıb.
Bu barədə “Khel Now” Portuqaliya millisinin rəsmi paylaşımına istinadən məlumat yayıb.
Məlumata görə, Portuqaliyanın 26 nəfərlik heyətində qapıçı kimi Dioqo Koşta, Joze Sa, Rui Silva və Rikardu Velu yer alıb.
Müdafiə xəttində Dioqo Dalot, Mateus Nunyes, Nelson Semedo, Joao Kanselu, Nunu Mendeş, Qonsalu İnasiu, Renato Veiqa, Ruben Diaş və Tomas Arauxo çağırılıb.
Yarımmüdafiədə Bruno Fernandeş, Vitinya, Joao Neveş, Ruben Neveş, Samuel Koşta və Bernardo Silva, hücum xəttində isə Joao Feliks, Trinkau, Fransisku Konseysau, Pedro Netu, Rafael Leau, Qonsalu Quedeş, Qonsalu Ramuş və Kriştianu Ronaldu kimi oyunçular var.
Daha əvvəl Portuqaliyanın “Diário de Notícias” nəşri Lusa agentliyinə istinadən yazmışdı ki, Roberto Martines mayın 19-da DÇ-2026 üçün yekun heyəti açıqlayacaq və komandanı turnirdə kapitan Kriştianu Ronaldu liderlik edəcək. Nəşr Ronaldonun 41 yaşında karyerasının son dünya çempionatına hazırlaşdığını qeyd etmişdi.
Portuqaliya 2026-cı il dünya çempionatında “K” qrupunda çıxış edəcək. Komanda qrup mərhələsində Konqo Demokratik Respublikası, Özbəkistan və Kolumbiya ilə qarşılaşacaq.
Ronaldu daha əvvəl 2006, 2010, 2014, 2018 və 2022-ci illərdə dünya çempionatlarında çıxış edib. DÇ-2026-da meydana çıxacağı halda, bu, onun karyerasında altıncı mundial olacaq və portuqaliyalı futbolçu dünya futbolu tarixində nadir rekorda imza atacaq. Ronaldu və Lionel Messi turnirdə iştirak edəcəkləri halda altıncı dünya çempionatına çıxan futbolçular sırasına qoşulacaqlar.