Argentinalı idman jurnalisti Enrike Makaya Markes 2026-cı il dünya çempionatını da işıqlandırmağa hazırlaşır. 91 yaşlı jurnalist 1958-ci ildən bəri bütün mundiallarda çalışıb və bu göstərici ilə FİFA tərəfindən rekordçu kimi tanınıb. FİFA 2022-ci ildə Markesin Qətər mundialında ardıcıl 17-ci Dünya çempionatını işıqlandırdığını qeyd etmişdi.
DÇ-2026 öncəsi Markesin ABŞ-a səfəri Argentinanın taksi və mobil nəqliyyat xidməti “Cabify” ilə hazırlanan reklam kampaniyasının mövzusuna çevrilib. “Infobae”-nin məlumatına görə, “Cabify” və “Agens” agentliyinin birgə kampaniyasında jurnalistin mundial üçün ABŞ-a — Kanzas-Sitiyə yola düşməsi yumoristik formada təqdim olunur. Reklamda Markes turnirə çatmaq üçün müxtəlif yolları sınayır, sonda isə sadəcə “Cabify” çağıraraq səfərə çıxır.
“Cabify” Argentina və Uruqvayın marketinq direktoru Florensiya Sassone kampaniyanın mundial mövzusuna fərqli və emosional yanaşma təqdim etdiyini bildirib. “Agens” yaradıcı komandası isə “əgər Dünya Kuboku varsa, Makaya orada olmalıdır” fikrini kampaniyanın əsas mesajı kimi təqdim edib.
Enrike Makaya Markes futbol jurnalistikasının canlı əfsanələrindən sayılır. O, ilk dəfə 1958-ci ildə İsveçdə keçirilən Dünya Kubokunu işıqlandırıb və həmin vaxtdan bəri heç bir mundialı buraxmayıb. 2026-cı il turnirinə qatılacağı halda, bu, onun karyerasında 18-ci Dünya çempionatı olacaq.