Meksikada DÇ-2026-ya görə dərs ili 6 həftə tez bitə bilər

Meksika Təhsil Nazirliyi DÇ-2026 və isti hava dalğası səbəbindən 2025/2026-cı tədris ilinin 15 iyul əvəzinə 5 iyunda başa çatdırılmasını müzakirə edir. Dəyişiklik 32 milyondan çox şagirdə təsir göstərə bilər.

Meksikada 2025/2026-cı tədris ilinin Dünya Çempionatı və isti hava dalğası səbəbindən planlaşdırılandan xeyli tez başa çatdırılması müzakirə olunur. Ölkənin Təhsil Nazirliyi mayın 7-də ştat təhsil orqanları ilə birlikdə dərs təqviminə dəyişiklik barədə razılaşma əldə olunduğunu açıqlayıb. Yeni plana əsasən, dərslər əvvəl nəzərdə tutulan 15 iyul əvəzinə 5 iyunda başa çatmalıdır. 

Qərar Meksikanın ABŞ və Kanada ilə birlikdə DÇ-2026-ya ev sahibliyi etməsi fonunda gündəmə gəlib. Mundialın açılış oyunu iyunun 11-də Mexikodakı “Asteka” stadionunda keçiriləcək. Meksikada oyunlar Mexiko, Monterrey və Qvadalaxara şəhərlərində təşkil olunacaq. Təqvim dəyişikliyinin məktəb icmalarını həm turnir dövründəki logistika yüklənməsindən, həm də yay aylarında güclənən istilərdən qorumaq məqsədi daşıdığı bildirilir.

“El País”in məlumatına görə, dəyişiklik məktəbəqədər təhsildən yuxarı orta təhsilə qədər təxminən 32,6 milyon şagirdə təsir göstərə bilər. Təhsil Nazirliyi isə bildirir ki, dərs ili qısaldılsa da, tədris proqramının məqsədlərinə əməl olunacaq və şagirdlərin biliklərinin möhkəmləndirilməsi üçün 17–28 avqust tarixlərində iki həftəlik əlavə hazırlıq mərhələsi nəzərdə tutulur. Yeni dərs ilinin 31 avqust 2026-cı ildə başlaması planlaşdırılır.

Bununla belə, qərar ölkə daxilində mübahisələrə səbəb olub. Valideyn birlikləri və bəzi təhsil ekspertləri iddia edirlər ki, futbol turnirinə görə dərs ilinin bu qədər erkən bitirilməsi şagirdlərin akademik nəticələrinə mənfi təsir göstərə bilər. Tənqidçilər həmçinin vurğulayırlar ki, Dünya Çempionatı oyunları Meksikanın yalnız üç şəhərində keçiriləcək və bu səbəbdən ölkə üzrə bütün məktəblərin təqviminin dəyişdirilməsi suallar doğurur. Prezident Klaudiya Şeynbaum sonradan bildirib ki, bu dəyişiklik hələ yekun qərar kimi qəbul edilməyib və təklif əlavə müzakirə olunacaq.

Əgər təqvim təsdiqlənərsə, milyonlarla meksikalı şagird yay tətilinə iyunun 5-də çıxacaq. Bu, Dünya Çempionatının başlamasından cəmi altı gün əvvəl baş verəcək və Meksikanı turnir hazırlıqları ilə təhsil sistemi arasında balans axtaran ilk ev sahibi ölkələrdən birinə çevirəcək.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.