Zidan Fransa millisinin baş məşqçisi olmağa razılıq verdi

Fabrizio Romanonun məlumatına görə, Zinəddin Zidan 2026-cı il dünya çempionatından sonra Fransa millisinin baş məşqçisi olmaq üçün ilkin razılığa gəlib. Rəsmi elan hələ verilməyib.

29

Zinəddin Zidanın 2026-cı il dünya çempionatından sonra Fransa millisinin baş məşqçisi vəzifəsinə keçməsi ilə bağlı ilkin razılıq əldə olunub.

MSNews.az xəbər verir ki, futbol insayderi Fabrizio Romano Zidanın Fransa millisinin növbəti baş məşqçisi olması üçün şifahi razılığa gəldiyini bildirib. Məlumata görə, tərəflər sənədlərin rəsmiləşdirilməsi üzərində işləyirlər.

Bununla belə, Fransa Futbol Federasiyası təyinatı hələ rəsmi şəkildə elan etməyib. “Associated Press” Zidanı vəzifənin əsas namizədi kimi təqdim edir, “L’Équipe” isə federasiyanın mümkün müqavilənin imzalanması barədə məlumat verməkdən imtina etdiyini yazır.

Zidan postda Didye Deşamı əvəz etməlidir. Fransa millisinin 14 il ərzində baş məşqçisi olmuş Deşam dünya çempionatındakı üçüncü yer uğrunda İngiltərə ilə qarşılaşmadan sonra vəzifəsini tərk edəcəyini təsdiqləyib. Bu görüş onun milli komandanın başında son oyunu olacaq.

Deşam Fransa millisini 2018-ci ildə dünya çempionluğuna, 2022-ci ildə mundialın finalına və 2021-ci ildə UEFA Millətlər Liqasının qalibi adına daşıyıb. Fransa 2026-cı il turnirinin yarımfinalında İspaniyaya 0:2 hesabı ilə məğlub olduqdan sonra final şansını itirib.

54 yaşlı Zidan 2021-ci ilin mayında “Real Madrid”dən ayrıldıqdan sonra heç bir komandaya rəhbərlik etməyib. O, Madrid klubundakı məşqçilik karyerası ərzində ardıcıl üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Zidan futbolçu kimi isə Fransa ilə 1998-ci il dünya və 2000-ci il Avropa çempionluğunu qazanıb.

Rəsmi təyinat baş tutarsa, Zidanın qarşısındakı ilk böyük turnir 2028-ci il Avropa çempionatı olacaq. Müqavilənin müddəti, əməkhaqqı və məşqçilər korpusunun tərkibi barədə hələ rəsmi məlumat açıqlanmayıb.