Azərbaycan Prezidenti İlham Əliyev iyulun 17-də Oman, Kamboca və Braziliyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.
MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi internet saytı məlumat yayıb.
Dövlət başçısı əvvəlcə Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Bernard Jorj Leopold de Qarsia Klinqli qəbul edib. Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Görüşdə Azərbaycan-Braziliya münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, siyasi, iqtisadi-ticari, investisiya və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq etdiyini və çoxtərəfli diplomatiyanı dəstəklədiyini qeyd ediblər. Braziliyalı diplomat Azərbaycanla Braziliyanın COP istiqamətində də səmərəli əməkdaşlıq apardıqlarını bildirib.
Prezident İlham Əliyev daha sonra Kambocanın yeni səfiri Sok Çeanın etimadnaməsini qəbul edib.

Görüşdə Azərbaycanla Kambocanın dost ölkələr olduğu, siyasi münasibətlərlə yanaşı, iqtisadiyyat və investisiya sahələrində əlaqələrin daha yüksək səviyyəyə çatdırılmasının əhəmiyyəti bildirilib.
Sok Çean Kamboca Kralı Norodom Sihamoninin və Baş nazir Hun Manetin salamlarını Azərbaycan Prezidentinə çatdırıb.
Tərəflər ticarət, turizm, mədəniyyət və xalqlararası əlaqələrin inkişafı üçün potensialın mövcudluğunu qeyd ediblər. Kamboca Baş nazirinin Azərbaycana gözlənilən səfərinin ikitərəfli münasibətlərin genişlənməsinə əlavə imkan yaradacağına ümid ifadə olunub.
Həmin gün Oman Sultanlığının Azərbaycanda yeni təyin olunmuş səfiri Saif Raşid Saif Al Cahvari də etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev Azərbaycanla Oman arasında münasibətlərin uğurla inkişaf etdiyini, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyini bildirib.
Səfir Oman Sultanı Heytəm bin Tariq Al Səidin salamlarını Azərbaycan Prezidentinə çatdırıb. Görüşdə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunmasının əhəmiyyəti vurğulanıb.
Tərəflər turizm sahəsində əməkdaşlığı, Azərbaycanla Oman arasında yaradılmış birgə investisiya fondunu və gələcəkdə fondun maliyyə imkanlarının artırılması perspektivlərini də müzakirə ediblər.