Braziliyada prezident seçkilərinin birinci turu başa çatıb. Heç bir namizəd etibarlı səslərin 50 faizdən çoxunu toplaya bilmədiyindən Flavio Bolsonaro və hazırkı prezident Luiz İnasiu Lula da Silva ikinci turda üz-üzə gələcəklər.
MSNews.az xəbər verir ki, Braziliyanın Ali Seçki Məhkəməsinin məlumatına əsasən, səslərin 99,99 faizi hesablandıqdan sonra Liberal Partiyanın namizədi Flavio Bolsonaro 56 104 268 səs — 47,03% nəticə ilə birinci olub.
Hazırkı prezident və İşçi Partiyasının namizədi Luiz İnasiu Lula da Silva isə 53 876 617 seçicinin səsini qazanaraq 45,16% nəticə göstərib.
Beləliklə, namizədlərdən heç biri prezident seçilmək üçün tələb olunan etibarlı səslərin yarıdan çoxunu toplaya bilməyib və seçki ikinci tura qalıb.
“Reuters” yazır ki, Flavio Bolsonaronun nəticəsi seçkiqabağı sorğularda gözləniləndən yüksək olub. Sorğuların böyük hissəsi ilk turda Lula da Silvanı cüzi fərqlə öndə göstərirdi.
Flavio Bolsonaro keçmiş prezident Jair Bolsonaronun oğludur və hazırda Rio-de-Janeyro ştatını Senatda təmsil edir. O, prezident seçkilərində ilk dəfə namizəd kimi iştirak edir. Lula da Silva isə 2023-cü ildən ölkə prezidenti kimi üçüncü müddətini keçirir və bu seçkidə yenidən prezidentliyə namizəddir.
Braziliyanın seçki qanunvericiliyinə əsasən, birinci turda heç bir namizəd etibarlı səslərin 50 faizdən çoxunu əldə etmədikdə ən çox səs toplamış iki namizəd ikinci tura keçir.
Braziliyanın Ali Seçki Məhkəməsinin rəsmi təqviminə əsasən, prezident seçkilərinin ikinci turu 25 oktyabr 2026-cı ildə keçiriləcək.