Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Laçın rayonunda Hoçaz çayı üzərində inşa edilmiş üç su elektrik stansiyasının onlayn formatda açılışında iştirak edib.
MSNews.az xəbər verir ki, Azərbaycan Prezidentinin rəsmi internet səhifəsinin məlumatına görə, açılışı keçirilən obyektlər 14,7 meqavat gücündə “Ağbulaq-1”, 14,25 meqavat gücündə “Ağbulaq-2” və 4 meqavat gücündə “Şeylanlı” su elektrik stansiyalarıdır. Stansiyaların ümumi gücü 32,95 meqavat təşkil edir.
“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev dövlət başçısına stansiyaların fəaliyyəti və Laçın rayonunun enerji potensialı barədə məlumat verib.
Bildirilib ki, Həkəriçay və onun Hoçaz, Şəlvə və Zabux qolları üzərində indiyədək ümumi gücü 72,6 meqavat olan 11 su elektrik stansiyası tikilib. Laçının 8–10 meqavatlıq mövcud elektrik tələbatı tamamilə yaşıl enerji hesabına ödənilir, artıq istehsal isə ölkənin vahid enerji sisteminə ötürülür.
Hazırda rayonda ümumi gücü 10,7 meqavat olan daha üç SES-in tikintisi davam etdirilir. Onların 2026-cı ilin sonunadək istismara verilməsi nəzərdə tutulur. Laçının elektrik tələbatının 2040-cı ildə 80 meqavata çatacağı proqnozlaşdırılsa da, mövcud və planlaşdırılan layihələrin rayonun enerji ehtiyacını yaşıl mənbələr hesabına ödəməyə imkan verəcəyi bildirilir.
Dəniz səviyyəsindən 2 150 metr yüksəklikdə yerləşən “Ağbulaq-1” SES-də ildə 93,2 milyon kilovat-saat elektrik enerjisinin istehsalı planlaşdırılır. Stansiyanın fəaliyyəti nəticəsində hər il 21 milyon kubmetr təbii qaza qənaət ediləcəyi və 37 min ton karbon emissiyasının qarşısının alınacağı gözlənilir.
“Ağbulaq-2” SES-in illik istehsal gücü 87,3 milyon kilovat-saatdır. Layihə çərçivəsində 5,7 kilometrlik derivasiya xətti və stansiyanın enerji sisteminə inteqrasiyası üçün 110/10 kilovoltluq yeni yarımstansiya tikilib. Stansiyanın ildə 19,6 milyon kubmetr təbii qaza qənaət etməsi və 35 min ton karbon emissiyasının qarşısını alması nəzərdə tutulur.
Dörd meqavat gücündə olan “Şeylanlı” SES-də isə ildə 19,4 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcək. Layihədə çay ekosisteminin və balıqların təbii miqrasiyasının qorunması üçün xüsusi hidrotexniki həllər tətbiq olunub.
SCADA idarəetmə sistemləri ilə təchiz edilən üç stansiya birlikdə ildə 200 milyon kilovat-saatdan çox ekoloji təmiz elektrik enerjisi istehsal edəcək. Bunun nəticəsində hər il 45 milyon kubmetr təbii qaza qənaət olunacağı, atmosferə təxminən 80 min ton karbon emissiyasının atılmasının qarşısının alınacağı gözlənilir.













