İlham Əliyev Ağdamda açılış və təməlqoyma mərasimlərində iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev Ağdam Sənaye Parkında “Construction” MMC-nin metal elektrik dirəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib və “Saloğlu Qarabağ” MMC-nin mebel istehsalı müəssisəsinin təməlini qoyub. Layihələr yerli istehsalın və ixracın genişlənməsinə, işğaldan azad olunmuş ərazilərdə məşğulluğun artırılmasına töhfə verir.

62

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam Sənaye Parkında iki yeni istehsal müəssisəsinin açılışında iştirak edib və təməllərini qoyub.

Dövlət başçısı əvvəlcə “Construction” MMC-nin metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında iştirak edib. Müəssisənin təsisçisi Nurlan Abbasov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Sənaye Parkının 1 hektarlıq ərazisində yerləşən müəssisədə istehsal Çin texnologiyası əsasında qurulub. Zavodun metal elektrik dirəkləri üzrə illik istehsal gücü 7 min 200 ton təşkil edir. Məhsullar həm daxili bazarın tələbatını ödəyəcək, həm də ixrac ediləcək. İnvestisiya həcmi 2,96 milyon manat olan müəssisədə 32 daimi iş yeri yaradılıb. Qurulmasına Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1,2 milyon manat zəmanətli kredit ayrılıb. Həmçinin müəssisə sənaye parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanıb.

Qeyd edək ki, Ağdam Sənaye Parkı 2021-ci ildən fəaliyyət göstərir və işğaldan azad olunmuş ərazilərin sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi və əhalinin məşğulluğunun artırılması məqsədini daşıyır. Parkda artıq 32 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 970-dən çox daimi iş yeri yaradılıb, istehsal olunan məhsulların 39,5 milyon manatlıq hissəsi ixrac olunub.

Daha sonra Prezident İlham Əliyev “Saloğlu Qarabağ” MMC-nin istehsal müəssisəsinin təməlini qoyub. Müəssisənin təsisçisi Tacəddin Mustafayev dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, müəssisə Ağdam Sənaye Parkında 1 hektar ərazidə mebel, o cümlədən qonaq və yataq otağı dəstləri, yumşaq və metal mebel aksesuarları istehsal edəcək. İstehsal prosesində Türkiyə, Almaniya və Çin texnologiyalarından istifadə olunacaq. Zavodun illik istehsal gücü 4 min dəst mebel və 6 min metal mebel aksesuarı təşkil edəcək. Məhsullar daxili bazarı təmin etməklə yanaşı, ixrac da ediləcək. İnvestisiya dəyəri 8 milyon manat olan müəssisənin qurulmasına güzəştli kredit ayrılacaq və 50 daimi iş yeri yaradılacaq.

Hər iki müəssisənin açılışı və təməlqoyma tədbirləri Ağdamda sənaye potensialının inkişafına, yerli istehsalın genişlənməsinə, ixrac imkanlarının artırılmasına və işğaldan azad edilmiş ərazilərdə məşğulluğun yüksəlməsinə mühüm töhfə verir.