Əliyev və Ərdoğandan Şuşada mühüm mesajlar: “Birliyimiz sarsılmazdır”

Azərbaycan və Türkiyə prezidentləri Şuşada birgə bəyanatlarla çıxış ediblər. İlham Əliyev Ermənistanla sülh prosesindən, Ərdoğan isə Qarabağdakı yeni layihələrdən və regional sabitlikdən danışıb.

24

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşada mətbuata birgə bəyanatlarla çıxış ediblər. Dövlət başçıları Azərbaycan-Türkiyə müttəfiqliyi, Ermənistanla sülh prosesi, regional təhlükəsizlik və Qarabağda həyata keçirilən birgə layihələrlə bağlı mühüm açıqlamalar veriblər.

MSNews.az xəbər verir ki, İlham Əliyev Türkiyə Prezidentinin Zəfər Günündə Qarabağda olmasını iki ölkə arasında sarsılmaz birliyin növbəti göstəricisi kimi qiymətləndirib. Prezident 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi xüsusi vurğulayıb.

“Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözlərini xatırladan İlham Əliyev bu dəstəyin Azərbaycan xalqı üçün böyük əhəmiyyət daşıdığını bildirib. O, 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsinin iki ölkə arasındakı münasibətləri rəsmən müttəfiqlik səviyyəsinə yüksəltdiyini qeyd edib.

Ermənistanla sülh prosesinə toxunan Prezident bildirib ki, iki ölkə arasında normallaşma davam edir. Onun sözlərinə görə, sülh sazişi bir ildən artıqdır paraflansa da, yekun imzalanma hələ baş tutmayıb.

Dövlət başçısı görüş zamanı siyasi və iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat dəhlizləri və Zəngəzur dəhlizinin də geniş müzakirə olunduğunu açıqlayıb.

“Türkiyə-Azərbaycan birliyi əbədidir və sarsılmazdır”, – deyə İlham Əliyev səfərin əsas mesajını ifadə edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Qarabağ Zəfərinin altıncı ildönümündə Şuşada olmaqdan məmnunluğunu bildirib. O, Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsinin vacibliyini vurğulayaraq Türkiyənin Azərbaycanın bu istiqamətdə səylərini dəstəklədiyini bəyan edib.

Ərdoğan Qarabağda bərpa-quruculuq işlərinə Türkiyənin töhfəsinin davam edəcəyini bildirib. O, Cəbrayılda Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi və “Ağıllı Tingçilik” müəssisəsinin yaradıldığını, Ağdamda isə 14 min 500 kvadratmetr sahəyə malik, 40 otaqlı məktəbin tikintisinə başlanıldığını açıqlayıb. Türkiyə lideri məktəbin gələn il İlham Əliyevlə birlikdə açılmasının planlaşdırıldığını deyib.

Türkiyə Prezidenti həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətinə toxunub.

Ərdoğan çıxışının sonunda Azərbaycan xalqını 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edərək Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını vurğulayıb.

Qeyd edək ki, hər iki prezidentin Şuşada mətbuata bəyanatlarla çıxış etməsi Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində də təsdiqlənib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti