Sentyabrın 26-da II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış 11 sənəd Prezident İlham Əliyevin iştirakı ilə mübadilə edilib. Razılaşmalar neft-qaz hasilatından LNG və enerji təhlükəsizliyinə, rəqəmsal infrastruktura və yeni sənaye investisiyalarına qədər geniş sahələri əhatə edir. Mərasimin keçirildiyini Azərbaycan Prezidentinin rəsmi saytı təsdiqləyib.
MSNews.az xəbər verir ki, sənədlərdən səkkizi SOCAR-ın beynəlxalq şirkətlərlə əməkdaşlığını əhatə edir. Digər razılaşmalar Azərbaycan Biznesinin İnkişafı Fondu, İqtisadiyyat Nazirliyi və Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu ilə xarici investorlar arasında bağlanıb.
Mübadilə edilən sənədlər bunlardır:
- SOCAR, XRG və “TotalEnergies” arasında “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı;
- SOCAR və “Comstock Resources” arasında strateji tərəfdaşlığa dair Çərçivə Sazişi;
- SOCAR və “Apollo” arasında “upstream” işlənmə və hasilat layihələrinə investisiya üzrə Anlaşma Memorandumu;
- SOCAR və “Securing Energy for Europe” (SEFE) arasında təbii qaz, LNG, enerji təhlükəsizliyi, infrastruktur və hasilat layihələri üzrə əməkdaşlıq memorandumu;
- SOCAR və “Eni” arasında Kot-d’İvuardakı “Baleine” layihəsində 10 faizlik iştirak payının əldə olunmasının tamamlanmasına dair Protokol;
- SOCAR və “ExxonMobil” arasında Orta Kür hövzəsində qeyri-ənənəvi karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Hasilatın Pay Bölgüsü Sazişi;
- SOCAR və “Oracle” arasında Oracle Alloy Agreement üzrə sənəd;
- SOCAR və “VNG” arasında Strateji Əməkdaşlıq Sazişi;
- Azərbaycan Biznesinin İnkişafı Fondu və Hindistanın “UFlex Group” şirkəti arasında Üçtərəfli Birgə Müəssisə Müqaviləsi;
- Azərbaycan İqtisadiyyat Nazirliyi və “Carlsberg Group” arasında Strateji Tərəfdaşlıq və İnvestisiya Çərçivə Sazişi;
- Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu və “Hong Kong Renteng International Trade Co. Limited” arasında İnvestisiya Müqaviləsi.
Enerji sənədləri arasında ən mühüm razılaşmalardan biri “Abşeron” yatağının tammiqyaslı işlənməsi üzrə yekun investisiya qərarıdır. “TotalEnergies”in məlumatına görə, şirkət layihədə 35%, SOCAR 35%, XRG isə 30% paya sahibdir. Tammiqyaslı işlənmə nəticəsində yatağın qaz hasilat gücünün hazırkı 1,5 milyard kubmetrdən ildə 6 milyard kubmetrə, kondensat hasilatının isə gündə 47 min barelə çatdırılması planlaşdırılır. Yeni mərhələnin 2029-cu ildə istismara verilməsi gözlənilir.
SOCAR-ın “ExxonMobil”lə bağladığı Hasilatın Pay Bölgüsü Sazişində isə Orta Kür hövzəsindəki layihə üzrə iştirak paylarının 50% SOCAR, 50% “ExxonMobil” olmaqla bölüşdürülməsi nəzərdə tutulur. Layihənin operatoru “ExxonMobil” olacaq.
“Comstock Resources”la əməkdaşlıq çərçivəsində ABŞ-ın “Haynesville” şist yataqlarından hasil edilən qazın LNG-yə çevrilərək SOCAR vasitəsilə beynəlxalq bazarlarda satılması imkanları araşdırılacaq. “Apollo” ilə memorandum isə SOCAR-ın hasilat layihələrinə beynəlxalq kapitalın cəlb edilməsi və mümkün investisiyaların strukturlaşdırılmasını nəzərdə tutur. SEFE və VNG ilə sənədlər Avropaya qaz və LNG təchizatı, enerji infrastrukturu və uzunmüddətli enerji əməkdaşlığı istiqamətlərini əhatə edir.
Rəqəmsal sahədə SOCAR və “Oracle” arasında razılaşmaya əsasən, “Caspian Mind AI” Azərbaycanda Oracle Alloy operatoru olacaq. Bununla yerli səviyyədə idarə olunan suveren bulud infrastrukturu üzərindən “Oracle” xidmətlərinin təqdim edilməsi nəzərdə tutulur.
Azərbaycanın xaricdə enerji aktivlərinin genişləndirilməsi baxımından “Baleine” layihəsi də diqqət çəkir. “Eni”nin rəsmi məlumatına görə, SOCAR Kot-d’İvuardakı layihədə 10 faizlik iştirak payını artıq əldə edib. Əməliyyatdan sonra layihədə “Eni”nin payı 37,25%, “Vitol”un 30%, “Petroci”nin 22,75%, SOCAR-ın isə 10% təşkil edir.










