Fransada istilər nüvə reaktorlarının fəaliyyətini məhdudlaşdırıb

Fransada anomal istilər və çay sularının temperaturunun yüksəlməsi səbəbindən bir neçə nüvə reaktoru dayandırılıb, digərlərinin istehsal gücü azaldılıb.

24

MSNews.az xəbər verir ki, Le Parisien iyulun 12-də Fransanın dövlət enerji şirkəti EDF-yə istinadən üç nüvə reaktorunun tam dayandırıldığını, daha səkkiz reaktorda isə istehsal gücünün azaldıldığını bildirib.

Həmin tarixdə Qaron çayı sahilindəki “Golfech-2”, Rona yaxınlığındakı “Bugey-3” və Meza çayı üzərində yerləşən “Chooz-2” reaktorlarının fəaliyyəti dayandırılmışdı. “Saint-Alban” stansiyasının iki, “Blayais” və “Bugey” stansiyalarının hərəsinin iki, “Chooz” və “Tricastin” stansiyalarının isə bir reaktorunda istehsal gücü aşağı salınmışdı.

Lakin vəziyyət operativ şəkildə dəyişir. “Reuters” iyulun 13-də EDF məlumatlarına əsasən səkkiz reaktorda ümumilikdə 6,3 giqavatlıq istehsal məhdudiyyəti qeydə alındığını bildirib. Həmin vaxt “Golfech-2” və “Bugey-3” tam dayandırılmış, digər altı reaktor isə aşağı güclə işləməyə davam etmişdi.

Azaldılan 6,3 giqavatlıq güc həmin saatlarda Fransadakı ümumi elektrik tələbatının təxminən 14 faizinə bərabər olub. Buna baxmayaraq, ölkənin gün ərzində qonşu dövlətlərə 10 giqavatdan çox elektrik enerjisi ixrac edən tərəf kimi qalacağı gözlənilirdi.

Nüvə reaktorları işləyərkən yaranan istiliyin uzaqlaşdırılması üçün çaylardan böyük həcmdə su götürülür. Sonradan daha isti vəziyyətdə çaya qaytarılan su su hövzəsinin temperaturunu əlavə olaraq yüksəldə bilər. Buna görə Fransadakı ekoloji qaydalar müəyyən edilmiş temperatur hədləri keçildikdə EDF-ni istehsalı azaltmağa və zəruri hallarda reaktoru dayandırmağa məcbur edir. Məqsəd çaylardakı flora və faunanı qorumaqdır.

EDF-nin tətbiq etdiyi məhdudiyyətlər reaktorların təhlükəsizliyində nasazlıq yaranması ilə deyil, ətraf mühitə istilik təsirinin normativ hədlər daxilində saxlanılması ilə bağlıdır. “Reuters” reaktorların dayandırılması və gücünün azaldılmasının nüvə təhlükəsizliyinə təsir etmədiyini qeyd edib.

İstilərlə yanaşı, yağıntıların azlığı çaylarda su səviyyəsinin və axın sürətinin aşağı düşməsinə səbəb olur. Bu isə nüvə və su elektrik stansiyalarının fəaliyyətinə əlavə təzyiq göstərir.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.