Gürcüstanda genişmiqyaslı elektrik kəsintisi baş verib

Gürcüstanın böyük hissəsində elektrik enerjisinin verilişi dayanıb. Tbilisi, Batumi və Kutaisi daxil olmaqla bir sıra şəhərlərdə yaranan kəsintiyə Türkiyə ilə enerji bağlantısındakı yüksək gərginlikli xəttdə baş verən qəzanın səbəb olduğu açıqlanıb.

10

Gürcüstanda baş verən iri enerji qəzası nəticəsində paytaxt Tbilisi də daxil olmaqla ölkənin böyük hissəsində elektrik enerjisinin verilişi dayanıb.

MSNews.az xəbər verir ki, kəsinti iyulun 24-nə keçən gecə qeydə alınıb. Tbilisi, Batumi, Kutaisi, Zuqdidi, Rustavi və digər şəhərlərin sakinləri elektrik enerjisinin eyni vaxtda kəsildiyini bildiriblər. Tbilisinin böyük hissəsi, o cümlədən şəhərin televiziya qülləsi bir müddət qaranlıqda qalıb. “Civil Georgia” hadisəni ölkə miqyaslı elektrik kəsintisi kimi təqdim edib.

Gürcüstan Dövlət Elektrosistemi qəzanın ölkə ilə Türkiyənin enerji sistemlərini birləşdirən yüksək gərginlikli elektrikötürücü şəbəkədə baş verdiyini açıqlayıb. Nasazlıqdan sonra enerji sisteminin avtomatik mühafizə mexanizmləri işə düşüb və ölkənin böyük hissəsində təchizat müvəqqəti dayanıb.

Bu barədə “Fortuna” məlumat yayıb.

Rəsmi məlumata görə, enerji təchizatının mərhələli şəkildə bərpasına başlanılıb. Son məlumatlarda elektrik enerjisinin bəzi ərazilərdə qismən bərpa edildiyi bildirilsə də, bütün şəhər və rayonlarda təchizatın tam normallaşdığına dair yekun açıqlama verilməyib.

Elektrik kəsintisinin mobil rabitə və internet xidmətlərinə də təsir göstərdiyi barədə istifadəçilər məlumat yayıblar. Enerji təminatından asılı baza stansiyaları və digər telekommunikasiya avadanlıqlarının işində fasilələr müşahidə olunsa da, ölkə üzrə internetin tam dayandığı rəsmi şəkildə təsdiqlənməyib.

Kəsinti su təchizatına da təsir göstərə bilər. Nasos stansiyalarının fəaliyyətində yaranan fasilə səbəbindən Tbilisi, Rustavi və Mtsxeta sakinlərinə mümkün su məhdudiyyətləri barədə xəbərdarlıq edilib.

Qəzanın texniki səbəblərinin və elektrikötürücü xəttə dəyən zərərin miqyasının müəyyənləşdirilməsi istiqamətində araşdırma davam edir.