Prezident İlham Əliyev Canyataqda “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub

Prezident İlham Əliyev Ağdərə rayonunun Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksində aparılan işlərlə tanış olub. Kompleks mis konsentratı istehsal edəcək, iş yerləri yaradılacaq və ekoloji tədbirlər həyata keçiriləcək.

115

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Canyataq kəndində yerləşən “Dəmirli” Filiz Emalı Kompleksində aparılan işlərlə tanış olub.

Dövlətimizin başçısına iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Azerbaijan International Mining Company Limited” şirkətinin prezidenti Rza Vəziri tərəfindən kompleksin fəaliyyəti barədə məlumat verilib.

Bildirilib ki, 929 hektar sahəni əhatə edən kompleks mis flotasiya zavodu, nəm tullantı anbarı, elektrik yarımstansiyası və digər tikililərdən ibarətdir. Layihə Türkiyə və Almaniya texnologiyaları əsasında yenidən qurulub və 15,3 milyon manat özəl investisiya yatırılıb. “Dəmirli” Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dağ-mədən sənayesi üzrə fəaliyyətə başlayan ilk layihədir. Mis flotasiya zavodunda hasil edilən filizdən mis konsentratı istehsal olunacaq və illik emal gücü 5,6 milyon ton filizdir.

Mədən əvvəllər Ermənistan tərəfindən işğal altında olmuş, qanunsuz istismara məruz qalmışdır. Hazırda qalıq ehtiyatların ilkin istismarı 2025–2030-cu illəri əhatə edir və 85 min ton mis metalının Çin Xalq Respublikasına ixracı planlaşdırılır. İlkin geoloji kəşfiyyat məlumatlarına görə, əlavə olaraq 470 min ton mis ehtiyatı mövcuddur və gələcəkdə ətraflı araşdırmalarla çıxarılabilən miqdar dəqiqləşdiriləcək.

Kompleksdə 980 nəfər daimi işlə təmin olunub, onlardan 260 nəfəri keçmiş məcburi köçkünlər və işğaldan azad edilmiş ərazilərə qayıdan sakinlərdir. Növbəti illərdə daimi iş yerlərinin sayı 1250-yə çatdırılacaq.

“Dəmirli” layihəsi çərçivəsində ətraf mühitin qorunması üçün monitorinq, ekoloji qiymətləndirmə, suyun təkrar dövriyyəsi və torpaq-bioloji rekultivasiya tədbirləri həyata keçirilir. Layihənin məqsədi qeyri-neft sektorunun inkişafı, işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın artırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsidir.

Prezident İlham Əliyev kompleksdə süxurların partladılması üçün rəmzi düyməni basaraq işlərin başlanmasını qeyd edib.