İlham Əliyev Donald Trampı təbrik edib

Prezident İlham Əliyev ABŞ-ın müstəqilliyinin 250-ci ildönümü münasibətilə Donald Trampa təbrik məktubu ünvanlayıb. Məktubda Azərbaycan-ABŞ strateji tərəfdaşlığı və Cənubi Qafqazda sülh gündəliyi xüsusi vurğulanıb.

12

Azərbaycan-ABŞ münasibətlərində son dövrdə fəallaşan siyasi dialoq fonunda Prezident İlham Əliyev Vaşinqtona yubiley təbriki ünvanlayıb.

MSNews.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa ABŞ-ın müstəqilliyinin 250-ci ildönümü münasibətilə təbrik məktubu göndərib. Dövlət başçısı məktubunda Donald Trampı və onun simasında Amerika xalqını Azərbaycan xalqı adından təbrik edib.

Məktubda qeyd olunub ki, 250 il əvvəl imzalanan İstiqlaliyyət Bəyannaməsi ABŞ-ın müstəqilliyini elan etməklə yanaşı, dünyada yeni nizamın formalaşmasına təkan verib. Prezident İlham Əliyev Birləşmiş Ştatların bu gün qlobal arenada güclü və nüfuzlu dövlət olduğunu vurğulayıb.

Dövlət başçısı son dövrdə Azərbaycan-Birləşmiş Ştatlar münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildirib. İlham Əliyev iki ölkə arasında strateji tərəfdaşlığı yüksək qiymətləndirərək, fevral ayında imzalanan Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadiyyat, enerji, bağlantılar, təhlükəsizlik, rəqəmsal transformasiya və süni intellekt kimi sahələrdə əməkdaşlığa təkan verəcəyinə əminliyini ifadə edib.

Məktubda Donald Trampın Cənubi Qafqazda sülh gündəliyinin təşviqi istiqamətində səyləri də xüsusi qeyd edilib. Prezident İlham Əliyev ötən il avqustun 8-də Ağ Evdə keçirilən üçtərəfli görüşün regionda yeni müsbət ab-hava yaratdığını bildirib və Azərbaycan ilə Ermənistanın sülh şəraitində yaşadığını, ticarət münasibətləri qurduğunu qeyd edib.

Dövlət başçısı həmçinin Asiya ilə Avropa arasında alternativ, etibarlı və təhlükəsiz bağlantını təmin etməyə yönələn “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”nun reallaşmasına ABŞ-ın davamlı dəstəyini yüksək qiymətləndirib. Məktubun sonunda Prezident İlham Əliyev Donald Trampa möhkəm cansağlığı, ali dövləti fəaliyyətində uğurlar, Amerika xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıb.