CCAT fransalı deputatların Azərbaycanla bağlı çağırışına cavab verib

Yeni Kaledoniyanın müstəqillik tərəfdarı CCAT təşkilatı İlham Əliyevə qarşı sərt addımlar tələb edən fransalı deputatları ikili standartlarda ittiham edib və dekolonizasiyanın BMT çərçivəsində tanınan proses olduğunu bildirib.

6

Yeni Kaledoniyanın dekolonizasiyasını və kanak xalqının öz müqəddəratını təyin etmək hüququnu müdafiə edən CCAT təşkilatı Azərbaycan Prezidenti İlham Əliyevin Fransa dənizaşırı əraziləri ilə bağlı açıqlamalarına sərt reaksiya verilməsini istəyən fransalı deputatlara cavab verib.

MSNews.az xəbər verir ki, Cellule de Coordination des Actions de Terrain” — CCAT rəsmi “Facebook” səhifəsində yaydığı bəyanatda mübahisənin əsas probleminin Azərbaycan Prezidentinin açıqlamaları deyil, Fransa siyasi dairələrinin ikili yanaşması olduğunu bildirib.

Bəyanat Yeni Kaledoniya deputatı Nikola Metzdorf, eləcə də Fransa Polineziyasını təmsil edən Moerani Frebo və Nikol Sankerin Fransa xarici işlər nazirinə ünvanladıqları müraciətdən sonra yayılıb. Deputatlar İlham Əliyevin Fransa dənizaşırı ərazilərini “koloniyalar” adlandırmasını və onların müstəqilliyinə dəstək verməsini “Fransanın suverenliyinə müdaxilə” kimi qiymətləndirərək Parisdən daha sərt tədbirlər tələb ediblər. Bu barədə “La Dépêche de Nouméa” məlumat yayıb.

CCAT isə fransalı siyasətçilərin Azərbaycana qarşı cəza tədbirləri tələb etməsini Avropa ölkələrinin Bakı ilə genişlənən əməkdaşlığı fonunda ziddiyyətli mövqe adlandırıb. Təşkilat Almaniya ilə Azərbaycan arasında iyulun 21-də imzalanmış strateji gündəliyə dair birgə bəyannaməni buna nümunə göstərib.

Rəsmi sənədə əsasən, Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri Fridrix Merts siyasi-diplomatik münasibətlər, ticarət, investisiya, enerji, təhlükəsizlik, müdafiə sənayesi, təhsil və texnologiya sahələrini əhatə edən ikitərəfli tərəfdaşlıq bəyannaməsi imzalayıblar. Sənəddə Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığının strateji əhəmiyyəti də xüsusi vurğulanır.

CCAT bəyanatında bildirib:

“Azərbaycanı Avropa İttifaqı üçün strateji tərəfdaş hesab etmək, onunla iqtisadi, enerji və diplomatik əməkdaşlığı inkişaf etdirmək, daha sonra isə yalnız BMT-nin tanıdığı dekolonizasiya məsələsini xatırlatdığına görə onun prezidentinin ‘yerində oturdulmasını’ tələb etmək mümkündürmü?”

Təşkilatın mövqeyinə görə, Yeni Kaledoniyanın dekolonizasiyası Azərbaycanın yaratdığı siyasi gündəm deyil. Yeni Kaledoniya 1986-cı ildən BMT-nin özünü idarə etməyən ərazilər siyahısında yer alır və Fransa həmin ərazinin idarəedici dövləti kimi göstərilir. BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsi Yeni Kaledoniya məsələsini hər il ayrıca nəzərdən keçirir.

CCAT fransalı siyasətçiləri Yeni Kaledoniyanın gələcəyi ilə bağlı müzakirələri Azərbaycanla diplomatik qarşıdurmaya çevirməməyə, məsələni beynəlxalq hüquq və xalqların öz müqəddəratını təyin etmək hüququ çərçivəsində aparmağa çağırıb.

Bununla yanaşı, Fransa hakimiyyəti Azərbaycanın Yeni Kaledoniya və digər dənizaşırı ərazilərdə separatçı hərəkatlara dəstəyini xarici müdaxilə kimi qiymətləndirir. Azərbaycan isə Fransanın bu ittihamlarını rədd edir və fəaliyyətini müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarına siyasi dəstək kimi təqdim edir.