Türkiyədə NATO sammiti ərəfəsində alyansa qarşı etiraz aksiyaları keçirilib.
MSNews.az xəbər verir ki, İstanbul, Ankara və İzmirdə minlərlə nümayişçi küçələrə çıxaraq NATO-nun siyasətinə və müdafiə xərclərinin artırılması çağırışlarına etiraz edib. “Global Times” “Xinhua” agentliyinə istinadən yazır ki, aksiyalarda fəhlələr, vətəndaş cəmiyyəti nümayəndələri və siyasi partiya üzvləri iştirak ediblər.
Etirazlar şənbə və bazar günləri keçirilib. Aksiyalarda “NATO müharibə istəyir, fəhlələr sülh istəyir”, “Büdcə xalqa, NATO-ya yox” kimi şüarlar səsləndirilib. “Xinhua”nın məlumatına görə, nümayişçilər alyansın hərbi xərclərin artırılması tələblərini Türkiyə cəmiyyəti üçün əlavə sosial-iqtisadi yük kimi qiymətləndiriblər.
“Reuters”in məlumatına görə, Türkiyə Kommunist Partiyasının təşkil etdiyi NATO əleyhinə aksiyalar zamanı 100-dən çox şəxs saxlanılıb. Ankaranın Qızılay meydanında keçirilən aksiyanı polis gözyaşardıcı qazdan istifadə edərək dağıdıb. İstanbulda isə Taksim meydanı və Kadıköy bölgəsində güclü polis nəzarəti altında etirazlar baş tutub.
NATO-nun Ankara sammiti 7–8 iyul tarixlərində keçiriləcək. Alyansın rəsmi məlumatına görə, toplantıda NATO ölkələrinin dövlət və hökumət başçıları, eləcə də əsas tərəfdaşlar iştirak edəcəklər. Sammitin məqsədi əvvəlki qərarların icrasını nəzərdən keçirmək və alyansın gələcək təhlükəsizlik gündəliyini müzakirə etməkdir.
Sammitin əsas mövzuları arasında müdafiə xərcləri, Avropanın təhlükəsizlikdə daha böyük məsuliyyət götürməsi, Ukraynaya dəstəyin davam etdirilməsi və müdafiə sənayesinin gücləndirilməsi yer alır. “Reuters” yazır ki, toplantıda NATO üzvlərinin 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq öhdəliyi də müzakirə olunacaq.
Çinli ekspertlər isə sammitin alyans daxilindəki fikir ayrılıqlarını daha açıq göstərə biləcəyini bildirirlər. “Global Times” Çin Sosial Elmlər Akademiyasının Avropa Araşdırmaları İnstitutunun baş elmi əməkdaşı Çjao Tszüntszenin fikirlərinə istinadən yazır ki, Ankara görüşü NATO-nun birlik nümayiş etdirməsinə xidmət etsə də, ABŞ-ın uzunmüddətli təhlükəsizlik öhdəlikləri, müdafiə xərcləri və Ukraynaya dəstək məsələləri alyans daxilində etimad problemlərini üzə çıxara bilər.
Türkiyə hakimiyyəti sammit öncəsi təhlükəsizlik tədbirlərini gücləndirib. Ankarada minlərlə polis səfərbər edilib, ictimai toplantılara məhdudiyyətlər tətbiq olunub.