Norveçin Baş naziri Yonas Qar Störe Ukrayna Prezidenti Volodimir Zelenskinin Moldovadan Osloya yola düşən təyyarəsinin havaya qalxması ərəfəsində pilotsuz uçuş aparatı ilə az qala toqquşduğunu bildirib. Bununla belə, hadisənin Zelenskiyə qarşı məqsədli hücum olub-olmadığı təsdiqlənməyib.
MSNews.az xəbər verir ki, Störe bu barədə Norveçin ictimai yayımçısı NRK-ya danışıb.
“Onun təyyarəsi Moldovadan havaya qalxmaq üzrə olarkən az qala dron tərəfindən vurulacaqdı. Onun üzləşdiyi reallıq budur”, — Störe bildirib.
Störe məlumatın mənbəyini və pilotsuz uçuş aparatının prezident təyyarəsinə nə qədər yaxınlaşdığını açıqlamayıb. “Reuters”in materialını dərc edən “The Times of Israel” bildirir ki, Moldova rəsmiləri də Norveç baş nazirinin məhz “az qala toqquşma” barədə açıqlamasına ayrıca şərh verməyiblər.
Norveç hökumətinin dəqiqləşdirməsi isə daha ehtiyatlı olub. “Meduza” NRK-ya istinadən yazır ki, Moldova hava məkanında yaranmış dron təhlükəsi Zelenskinin Osloya uçuşunu gecikdirib. Norveç tərəfi dronların prezident təyyarəsinə konkret olaraq nə qədər yaxınlaşdığının məlum olmadığını bildirib.
Hadisə sentyabrın 8-də Moldova hava məkanına iki pilotsuz uçuş aparatının daxil olması fonunda baş verib. Moldova mülki aviasiyanın təhlükəsizliyi məqsədilə hava məkanını müvəqqəti bağlayıb və Kişinyov hava limanında bir sıra reyslər gecikib. “Reuters”ə istinad edən “The Times of Israel” bir dronun Moldova ərazisində yerə düşdüyünü, digərinin isə Rumıniya hava məkanına keçdiyini yazıb.
Zelenski sentyabrın 8-i axşam Osloya çatıb. O, ertəsi gün, sentyabrın 9-da Norveç Kralı Harald V-in dövlət dəfn mərasimində iştirak edib.