Yəməndə husilərin “Ənsar Allah” hərəkatı nəzarət etdiyi ərazilərdə yeni səfərbərlik strukturu formalaşdırır.
MSNews.az xəbər verir ki, bu barədə “Intelligence Online” məlumat yayıb. Nəşrin məlumatına görə, husilər “Ümumi səfərbərlik qüvvələri” adlı yeni təşkilatın yaradıldığını elan ediblər və bu struktur İranın dövlət tərəfindən dəstəklənən “Bəsic” yarımhərbi modeli əsasında qurulur.
Məlumata əsasən, yeni qurumun məqsədi husilərin nəzarətində olan ərazilərdə idarəçilik, ictimai nəzarət və səfərbərlik imkanlarını gücləndirməkdir. “Intelligence Online” yazır ki, layihə əhalinin üzərində nəzarəti artırmağa hesablanıb və husilərə daha geniş sosial-dayaq şəbəkəsi yaratmaq imkanı verə bilər.
Yeni strukturun İran İnqilab Keşikçiləri Korpusuna bağlı “Bəsic” qüvvələrinin nümunəsində təşkil edildiyi bildirilir. “Bəsic” İranda ideoloji səfərbərlik, daxili nəzarət və yarımhərbi hazırlıq funksiyaları ilə tanınan geniş könüllü şəbəkə kimi fəaliyyət göstərir. Husilərin də oxşar model vasitəsilə nəzarətlərində olan vilayətlərin demək olar ki, hər rayonunda könüllülərdən ibarət şəbəkə yaratmağa çalışdığı qeyd olunur.
Yəmən mediası da bu prosesi husilərin cəmiyyəti daha da hərbiləşdirmək və davamlı səfərbərlik mexanizmi qurmaq cəhdi kimi qiymətləndirir. “Yemen Monitor” yazır ki, yeni model həm döyüşçü toplamaq, həm də nəzarət və təşkilatlanma imkanlarını genişləndirmək məqsədi daşıyır.
Bildirilir ki, “Ümumi səfərbərlik qüvvələri”nə cəlb olunan şəxslərə silahla davranış və hərəkatın ideologiyası üzrə təlimlər keçirilir. Bunun qarşılığında iştirakçılara ərzaq yardımı və bəzi sosial güzəştlər təqdim olunur. Ekspertlərin fikrincə, iqtisadi böhran və humanitar çətinliklər fonunda bu cür mexanizmlər husilərə yerli əhali arasında yeni tərəfdarlar toplamaq üçün əlavə imkan yarada bilər.
Mövzu ilə bağlı dərc edilən digər təhlillərdə də husilərin son aylarda hərbi səfərbərlik ritorikasını gücləndirdiyi qeyd olunur. i24NEWS yazır ki, hərəkat “hüquqların güc yolu ilə təmin edilməsi” şüarı altında döyüş hazırlığını artırır və bu, Yəməndə kövrək atəşkəs mühitinin daha da zəifləməsi ilə bağlı narahatlıqları artırır.
Qeyd edək ki, husilər — “Ənsar Allah” hərəkatı — 2014-cü ildə Yəmənin paytaxtı Sənanı və ölkənin şimalındakı geniş əraziləri nəzarətə götürüb. BMT Təhlükəsizlik Şurası üzrə hesabatlarda hərəkat İran tərəfindən dəstəklənən Yəmən üsyançı qrupu kimi təqdim olunur.
Yeni strukturun yaradılması Yəməndə uzunmüddətli münaqişə, regional gərginlik və husilərin daxili nəzarəti gücləndirməsi fonunda diqqət çəkir.