Kənan Rövşənoğlu: “Müsəlman NATO-su” ifadəsi kökündən yanlışdır

Yaxın Şərq üzrə ekspert Kənan Rövşənoğlu Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının Məkkə müdafiə sazişini şərh edib, “müsəlman NATO-su” ifadəsinin niyə doğru olmadığını və tərəflərin regional maraqlarını izah edib.

123

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış Məkkə Birgə Müdafiə Sazişinin “müsəlman NATO-su” kimi təqdim edilməsi nə dərəcədə doğrudur və bu razılaşma Yaxın Şərqdə qüvvələr balansını necə dəyişə bilər?

Yaxın Şərq üzrə ekspert Kənan Rövşənoğlu məsələni şərh edərkən bildirib ki, müsəlman ölkələri arasında NATO-ya bənzər hərbi-siyasi birlik yaratmaq ideyası yeni deyil.

“İslam NATO-su termini 2016-cı ildən, bəlkə də daha əvvəldən ortaya çıxıb. 2017-ci ildə Ər-Riyadda çoxlu sayda ölkə liderinin, habelə o zamankı ABŞ prezidenti Trampın iştirakı ilə sənəd imzalandı. Həmin vaxt artıq ‘müsəlman NATO-su’ ifadəsi vardı”, – ekspert bildirib.

2015-ci ilin dekabrında Səudiyyə Ərəbistanının təşəbbüsü ilə İslam Hərbi Terrorla Mübarizə Koalisiyası yaradılmışdı. 2017-ci ildə Ər-Riyadda keçirilən Ərəb-İslam-Amerika Sammitinin yekun bəyannaməsində isə Yaxın Şərq Strateji Alyansının yaradılması ideyası dəstəklənmişdi.

Rövşənoğlu hesab edir ki, hazırkı Məkkə sazişini birbaşa NATO tipli hərbi ittifaq adlandırmaq düzgün deyil.

“Bu ifadə kökündən yanlışdır. Çünki NATO ölkələr ittifaqıdır və burada qərarlar kollegial şəkildə qəbul olunur. Məkkə müqaviləsi isə qarşılıqlı hərbi yardım sazişidir. İttifaqa çevrilməsi üçün bir sıra orqanlar yaradılmalı, kollegial qərar mexanizmi formalaşmalıdır”.

Avqustun 7-də Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı tərəfindən imzalanan Məkkə Birgə Müdafiə Sazişində tərəflərdən birinə qarşı silahlı hücumun hər üç ölkəyə hücum kimi qiymətləndirilməsi nəzərdə tutulur. Bununla belə, razılaşmanın dövlətləri konkret hansı hərbi addımlara məcbur etdiyi və NATO-dakı kimi daimi kollektiv qərar mexanizminin olub-olmayacağı açıqlanmayıb. Bu barədə “Reuters” məlumat yayıb.

Tərəflər bu sazişdən nə qazanmaq istəyir?

Rövşənoğlunun fikrincə, üç ölkənin razılaşmada maraqları eyni deyil.

Ekspert Pakistanın əsas üstünlükləri sırasında nüvə silahına malik olmasını, böyük ordusunu və inkişaf etmiş hərbi sənayesini göstərir. Onun fikrincə, Pakistanın zəif tərəfi iqtisadi vəziyyətidir və İslamabad təhlükəsizlik imkanlarını ərəb ölkələri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün istifadə etməyə çalışır.

“Pakistan regionda ABŞ-dan boşalan yeri doldurmağa namizəddir. Çünki nüvə dövlətidir, güclü və böyük ordusu, hərbi sənayesi var. Ancaq iqtisadi vəziyyəti yaxşı deyil, pula ehtiyacı var”, – Rövşənoğlu qeyd edib.

Türkiyənin maraqlarına toxunan ekspert Ankaranın ərəb ölkələri üzərində siyasi və hərbi təsirini artırmağa, eyni zamanda regiondakı manevr imkanlarını genişləndirməyə çalışdığını düşünür.

“Türkiyə ərəb ölkələri üzərində təsiri artırmaq, regionda gücünü və nüfuzunu yüksəltməyə çalışır. Burada məqsədlərdən biri də İsrailin manevrlərinin qarşısını almaq və siyasi təzyiq vasitəsi yaratmaqdır”.

Səudiyyə Ərəbistanının isə təhlükəsizlik sahəsində ABŞ-dan asılılığını azaltmaq və alternativ təminatlar əldə etmək istədiyini bildirən Rövşənoğlu Riyadın Pakistanın hərbi imkanlarından və Türkiyənin müdafiə sənayesindən faydalanmağa çalışdığını hesab edir.

Misir də qoşula bilərmi?

Ekspertin sözlərinə görə, Misirin də bu formata qoşulması ilə bağlı danışıqlar aparılıb və Qahirənin mümkün iştirakı razılaşmanın regional çəkisini əhəmiyyətli dərəcədə artıra bilər.

Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri iyunun 21-də Qahirədə R4 formatında bir araya gələrək regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Bununla belə, həmin görüşün rəsmi bəyanatında Misirin Məkkə müdafiə sazişinə qoşulacağı barədə məlumat yer almayıb.

“İlk sınaq Yəmən ola bilər”

Rövşənoğlu sazişin praktikada ilk ciddi sınağının Yəmən istiqamətində yarana biləcəyini düşünür. Son günlər husilərlə Səudiyyə Ərəbistanı arasında gərginlik yenidən yüksəlib və Səudiyyə ərazisinə raket və pilotsuz uçuş aparatı hücumları qeydə alınıb.

“Müqavilə qüvvəyə mindikdən sonra ‘müsəlman NATO-sunun’ ilk hədəfi elə müsəlman ölkəsi – Yəmən ola bilər. Körfəzdə növbəti gərginlik isə İranla qarşıdurmaya çevrilə bilər”, – ekspert bildirib.

Bununla belə, Rövşənoğlu Türkiyə və Pakistanın avtomatik şəkildə Səudiyyə Ərəbistanının iştirak etdiyi hər bir münaqişəyə qoşulacağını gözləmir.

“Qərarlar kollegial olmadığı üçün Pakistan və Türkiyənin başqa bir müsəlman ölkəyə hərbi müdaxiləyə qoşulması ehtimalı azdır”.

Beləliklə, ekspert Məkkə sazişini Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturasının mühüm elementi hesab etsə də, onun indiki mərhələdə NATO tipli tamhüquqlu hərbi-siyasi ittifaq deyil, qarşılıqlı müdafiə və çəkindirmə mexanizmi kimi qiymətləndirilməsinin daha doğru olduğunu düşünür.