İran Yaxın Şərqin dominant gücünə çevrilib

“The Atlantic”da dərc olunan məqalədə Robert Kagan ABŞ və İsraillə müharibədən sonra regional güc balansının İranın xeyrinə dəyişdiyini və Tehranın Hörmüz boğazı üzərindən yeni strateji üstünlük qazandığını iddia edir.

7

ABŞ və İsraillə aylardır davam edən qarşıdurmadan sonra İranın Yaxın Şərqdə dominant gücə çevrildiyi barədə diqqətçəkən fikir irəli sürülüb. Bu mövqeni amerikalı siyasi şərhçi Robert Kagan “The Atlantic” üçün qələmə aldığı “Iran Unleashed” adlı analitik məqaləsində ifadə edib.

Kaganın fikrincə, İran uzun illər ABŞ-ın hərbi üstünlüyü, İsrailin gücü və Vaşinqtonla yaxın münasibətlərə malik Səudiyyə Ərəbistanı, BƏƏ və Misir kimi regional dövlətlər tərəfindən məhdudlaşdırılırdı. Lakin müəllif hesab edir ki, Tehran ABŞ və İsrailin genişmiqyaslı zərbələrinə tab gətirməklə və hakimiyyət sistemini qorumaqla bu balansı dəyişib. Onun qənaətinə görə, bundan sonra regionun əsas dominant qüvvəsi “ABŞ və ya İsrail deyil, İran” olacaq.

Müəllif İranın əsas üstünlüyünü Hörmüz boğazında yaratdığı təsir imkanları ilə əlaqələndirir. Kagan yazır ki, Tehran boğazdan keçən enerji daşımalarını təhlükə altına salmaq imkanını nümayiş etdirməklə təkcə hərbi deyil, qlobal iqtisadi təzyiq vasitəsi əldə edib. O, bu imkanın İran üçün hətta nüvə silahından daha praktik geosiyasi rıçaq olduğunu iddia edir.

Hörmüzdə vəziyyət həqiqətən də beynəlxalq enerji bazarlarına ciddi təsir göstərməkdə davam edir. “Reuters” avqustun 25-də boğazdan gündəlik neft daşımalarının müharibədən əvvəlki 20 milyon bareldən çox səviyyədən təxminən 5 milyon barelə düşdüyünü bildirib. ABŞ Prezidenti Donald Tramp eyni gün boğazdakı minaların təmizləndiyini açıqlasa da, İranla ABŞ arasında su yoluna nəzarət uğrunda qarşıdurma davam edir.

Kagan regional dövlətlərin də dəyişən vəziyyətə uyğunlaşmağa başladığını düşünür. O, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış Məkkə Birgə Müdafiə Sazişini ABŞ-İsrail mərkəzli əvvəlki təhlükəsizlik modelindən daha müstəqil regional sistemə keçidin əlamətlərindən biri kimi göstərir. “Reuters” də sazişin ABŞ-ın regional təsirinin zəifləməsi fonunda ölkələrin öz təhlükəsizlik mexanizmlərini yaratmaq cəhdi kimi qiymətləndirildiyini yazıb.

“The Atlantic” müəllifi həmçinin ABŞ-ın İranla qarşıdurmada raket və hava hücumundan müdafiə sursatlarını böyük həcmdə istifadə etməsini Vaşinqtonun gələcək hərbi imkanları üçün problem hesab edir. Kaganın fikrincə, Amerikanın yenidən genişmiqyaslı eskalasiyaya getmək istəməməsi İranın çəkindirmə imkanlarını artırıb və Körfəz ölkələrində ABŞ təhlükəsizlik zəmanətlərinə münasibəti dəyişib.

Bununla belə, “İran artıq Yaxın Şərqin dominant gücüdür” fikri təsdiqlənmiş fakt deyil, Robert Kaganın geosiyasi qiymətləndirməsidir. Regionda İsrailin hərbi imkanları, ABŞ-ın böyük hərbi mövcudluğu, Səudiyyə Ərəbistanı və Türkiyənin artan təsiri qalır. “Financial Times” də hazırkı prosesi bir dövlətin tam dominantlığı kimi deyil, yeni və hələ formalaşmaqda olan regional güc balansı kimi xarakterizə edir.