İlham Əliyev Quzeyxırman sakinləri ilə görüşüb

Prezident İlham Əliyev Xocavəndin Quzeyxırman kəndində aparılan bərpa işləri ilə tanış olub. İki kəndə ilkin mərhələdə 39 ailə olmaqla 159 sakin qayıdıb.

9

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Xocavənd rayonunun Quzeyxırman kəndində olub, Quzeyxırman və Güneyxırmanda aparılan bərpa işləri ilə tanış olaraq doğma yurda qayıdan sakinlərlə görüşüb.

MSNews.az xəbər verir ki, Azərbaycan Prezidentinin rəsmi internet səhifəsinin məlumatına görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına hər iki kənddə görülmüş işlər barədə məlumat verib.

Güneyxırman kəndində mövcud 549 fərdi evdən 170-i yararsız, 379-u isə qismən yararlı vəziyyətdədir. Hazırda 50 ev yaşayış üçün hazırdır, 147 evdə təmir davam etdirilir, daha 182 evin bərpasına hazırlıq görülür. Kəndə ilkin mərhələdə 18 ailə — 72 nəfər qayıdıb.

Güneyxırmanda yeni qaz xətti çəkilib, mövcud xətlər bərpa olunub, subartezian quyularında nasos avadanlıqları quraşdırılıb və kənddaxili su şəbəkəsi yenidən qurulub. Nasos stansiyasının tikintisi davam etdirilir, kəndə fiber-optik rabitə xətti də çəkilib.

Quzeyxırmanda isə ümumilikdə 447 fərdi ev mövcuddur. Onlardan 65-i yararsız, 382-si qismən yararlıdır. Təmir olunan 244 evdən 100-ü artıq istismara hazırdır, 144 evdə işlərin növbəti aylarda yekunlaşdırılması nəzərdə tutulur. Daha 138 evin bərpası üçün hazırlıq aparılır.

Kəndə ilkin mərhələdə 21 ailə — 87 nəfər qayıdıb. Bununla da iki kəndə köçürülən sakinlərin ümumi sayı 159 nəfərə çatıb.

Quzeyxırmanda qaz, su, elektrik və rabitə infrastrukturu bərpa olunub. Kənddə 460 şagird yerlik tam orta məktəb və 40 yerlik körpələr evi-uşaq bağçası təmir edilib, ictimai-iaşə obyektləri istifadəyə verilib.

Hər iki kənd 1992-ci ildə işğal olunub və 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın nəzarətinə qaytarılıb. Dövlət başçısı səfər çərçivəsində Quzeyxırman kəndinə köçən İsa Gözəlovun evində də olub.