Gürcüstanda yeni etiraz dalğası başlayır

Gürcüstan müxalifəti oktyabrın 25-dən genişmiqyaslı etiraz aksiyalarına başlayacağını elan edib. Tbilisidə ilk aksiya saat 19:00-da keçiriləcək, ən böyük mitinq isə noyabrın 28-nə planlaşdırılır. Etirazlara səbəb hakimiyyətin beş müxalifət partiyasını qadağan etmək təşəbbüsüdür.

41

Gürcüstan müxalifəti ölkədə yeni kütləvi etiraz dalğasına başlayacağını elan edib. Oktyabrın 25-də Tbilisidə start götürəcək aksiyaların bir aydan artıq davam etməsi, noyabrın 28-də isə paytaxtda genişmiqyaslı mitinqin keçirilməsi planlaşdırılır. Etirazların əsas səbəblərindən biri hakim “Gürcü Arzusu” partiyasının beş müxalifət siyasi qüvvəsinin fəaliyyətini qadağan etdirmək təşəbbüsüdür.

MSNews.az xəbər verir ki, bu barədə Gürcüstanın “Civil Georgia” və “Interpressnews” nəşrləri məlumat yayıb.

Doqquz müxalifət partiyasını birləşdirən Müxalifət Alyansının qərarına əsasən, ilk aksiya oktyabrın 25-də saat 19:00-da Tbilisi Dövlət Universitetinin birinci korpusu qarşısında keçiriləcək.

Aksiya kampaniyası “İvanişvilisiz Gürcüstan. Gürcüstan daha yaxşısına layiqdir” şüarı altında təşkil olunacaq. Müxalifətin planına görə, etirazlar noyabr ayı boyunca davam etdiriləcək və noyabrın 28-də Tbilisidə böyük mitinqlə yekunlaşacaq.

Etirazların əsas səbəbi hakim “Gürcü Arzusu” partiyasının Konstitusiya Məhkəməsinə müraciət edərək beş müxalifət siyasi qüvvəsinin fəaliyyətinin qadağan olunmasını tələb etməsidir.

Məhkəməyə təqdim edilən iddia “Vahid Milli Hərəkat”, “Dəyişiklik Naminə Koalisiya”, “Güclü Gürcüstan – Lelo”, “Federalistlər” və “Gürcüstan Naminə” siyasi qüvvələrini əhatə edir.

Hakim partiya bu siyasi təşkilatları ölkənin konstitusiya quruluşunu və hakimiyyətin legitimliyini tanımamaqda ittiham edir. Müxalifət isə həmin ittihamları rədd edərək siyasi partiyaların qadağan edilməsini ölkədə siyasi plüralizmə və demokratik rəqabətə təhlükə hesab edir.

Gürcüstan Konstitusiya Məhkəməsinin rəsmi məlumatına əsasən, beş siyasi qüvvənin fəaliyyətinin qadağan olunması ilə bağlı iddia mahiyyəti üzrə baxılması üçün icraata qəbul edilib.

Müxalifət nümayəndələrinin açıqlamalarına görə, Konstitusiya Məhkəməsində ilk dinləmələr oktyabrın 21, 22 və 23-də keçiriləcək. “Lelo – Güclü Gürcüstan” koalisiyasının təmsilçisi İrakli Kupradze bildirib ki, məhkəmə prosesinin bu qədər qısa müddətdə təyin edilməsi narahatlıq doğurur.

“Gürcüstan Naminə” partiyasının nümayəndəsi Berdia Siçinava da məhkəmədən bildiriş aldıqlarını təsdiqləyib. Qeyd edək ki, bu mərhələdə söhbət partiyaların artıq qadağan edilməsindən deyil, onların fəaliyyətinin konstitusiyaya uyğunluğuna dair məhkəmə araşdırmasından gedir.

“Dəyişiklik Naminə Koalisiya”nın liderlərindən Nika Qvaramiya bildirib ki, hakimiyyətin partiyaları qadağan etmək cəhdləri müxalifətin fəaliyyətini dayandırmayacaq. Onun sözlərinə görə, müxalifət həm məhkəmələrdə, həm də küçə aksiyalarında siyasi mübarizəni davam etdirmək niyyətindədir.

Müxalifət nümayəndələri əsas məqsədlərinin siyasi plüralizmin qorunması, azad və ədalətli seçkilərin keçirilməsi, həmçinin Gürcüstanın Avropaya inteqrasiya kursunun davam etdirilməsi olduğunu bəyan edirlər. Noyabrın 28-nə planlaşdırılan böyük mitinqin tarixi də simvolik əhəmiyyət daşıyır. Həmin gün Gürcüstanda Avropa İttifaqına inteqrasiya prosesinin dayandırılması ilə bağlı hökumət bəyanatından sonra başlayan uzunmüddətli etirazların ikinci ildönümüdür.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.