Makron Yunanıstana dəstək verdi

Emmanuel Makron Afinada Yunanıstana təhlükəsizlik sahəsində dəstək mesajı verib. "Reuters" Fransa–Yunanıstan müdafiə sazişinin yeniləndiyini, Yunanıstan mediası isə Makronun suverenlik təhdidi halında Afinanın yanında olacaqlarını dediyini yazır.

9

Fransa Prezidenti Emmanuel Makron Yunanıstana səfəri zamanı Afinaya təhlükəsizlik sahəsində açıq siyasi dəstək mesajı verib.

“Reuters”-in məlumatına görə, Makron Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ilə birgə mətbuat konfransında Avropa İttifaqının qarşılıqlı yardım maddəsinin “aydın və birmənalı” olduğunu bildirib və Fransa–Yunanıstan müdafiə tərəfdaşlığının qüvvədə qaldığını vurğulayıb.

Türkiyə ilə mümkün gərginlik kontekstində səslənən daha sərt ifadələr isə Yunanıstan mediasında yer alıb. “ProtoThema”-nın xəbərinə görə, Makron bildirib ki, “əgər suverenliyiniz təhdid altındadırsa, lazım olanı edin, biz sizin üçün burada olacağıq.” Həmin açıqlamada o, 2021-ci ildəki böhran dövrünə və Kiprlə bağlı mövqeyə də istinad edərək bunu Fransa–Yunanıstan ittifaqının mahiyyəti kimi təqdim edib.

Makronun Afinaya səfəri təsadüfi deyil. Fransa və Yunanıstan 2021-ci ildə imzalanmış ikitərəfli təhlükəsizlik və müdafiə sazişini daha beş il uzatmağa hazırlaşır. Həmin saziş tərəflərdən birinə hücum olarsa, qarşılıqlı yardım öhdəliyini nəzərdə tutur və həmçinin Yunanıstanın Fransadan “Rafale” qırıcıları və freqatlar almasını da əhatə edir.

“Associated Press” də bugünkü materialında iki liderin 2021-ci il müdafiə tərəfdaşlığını yenilədiyini, Makronun isə bu qarşılıqlı yardım maddəsinin “pozulmaz” olduğunu dediyini yazır.  Türkiyənin adı birbaşa sitatda keçməsə də, məqalə Yunanıstanın şərq qonşusu ilə uzunmüddətli gərgin münasibətlərini ayrıca xatırladır və açıqlamanın məhz həmin regional fonda verildiyini vurğulayır.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
25 aprel 2026