“Global Firepower” reytinqi tənqid edildi: “Cədvəllər reallığı əks etdirmir”

"Global Firepower" reytinqində Azərbaycanın 60-cı yerə salınması tənqid olunur. Məqalədə bu siyahının real döyüş qabiliyyətini əks etdirmədiyi vurğulanır.

24

“Global Firepower” təşkilatının açıqladığı növbəti hərbi reytinq ciddi narazılıq doğurub. Siyahıda Azərbaycanın 60-cı yerə salınması reallıqdan uzaq və ədalətsiz qiymətləndirmə kimi dəyərləndirilir.

Məqalədə vurğulanır ki, Azərbaycan bu reytinqdə müasir müharibədə real döyüş təcrübəsi olmayan, ordusunun effektivliyini praktikada sübut etməmiş ölkələrdən aşağıda göstərilib və bu fakt reytinqin reallıqdan qopduğunu açıq şəkildə nümayiş etdirir.

Tənqidçilərin fikrincə, “Global Firepower” orduların real döyüş qabiliyyətini deyil, formal və statistik göstəriciləri əsas götürür. Reytinq döyüş təcrübəsini, komandanlıq səviyyəsini, pilotsuz uçuş aparatlarının effektiv istifadəsini, artilleriyanın dəqiqliyini, kəşfiyyat və idarəetmə sistemlərinin işləkliyini nəzərə almır. Bu isə onu real hərbi gücün göstəricisi yox, “quru rəqəmlərdən ibarət arifmetik siyahı”ya çevirir.

Xüsusilə, diqqətçəkən məqam ondan ibarətdir ki, eyni siyahıda Sinqapurun 29-cu, Venesuelanın 51-ci, Anqolanın isə 59-cu pillədə qərarlaşması Azərbaycanla müqayisədə açıq uyğunsuzluq yaradır. Bu cür müqayisələr göstərir ki, reytinq orduların döyüş bacarığını deyil, abstrakt və praktikadan uzaq göstəriciləri sıralayır.

Məqalənin müəllifi qeyd edir ki, Azərbaycanın ordusunu artıq cədvəllər deyil, tarix və döyüş meydanında əldə olunan nəticələr qiymətləndirib və əsl əhəmiyyət daşıyan məhz bu real göstəricilərdir.