Gilyermo Oçoa 6-cı Dünya çempionatına gedir və karyerasını bitirəcək

Meksika millisinin 40 yaşlı qapıçısı Guillermo Oçoa DÇ-2026 heyətinə daxil ediləcək. Fabrizio Romanonun məlumatına görə, Oçoa turnirdən sonra karyerasını başa vuracaq.

10

Meksika millisinin əfsanəvi qapıçısı Gilyermo “Memo” Oçoa DÇ-2026 üçün yığmanın heyətinə daxil ediləcək. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Onun iddiasına görə, 40 yaşlı qolkiper turnirdən sonra həm klub, həm də milli komanda səviyyəsində peşəkar karyerasını başa vuracaq.

Oçoa üçün bu, karyerasında 6-cı Dünya çempionatı olacaq. FIFA daha əvvəl onun 2006, 2010, 2014, 2018 və 2022-ci il mundiallarında Meksika heyətində yer aldığını, 2026-cı ilin isə qapıçı üçün rekord xarakterli hədəf olduğunu yazmışdı.

Meksikalı qapıçı 2006 və 2010-cu illərdə mundial heyətində olsa da, meydana çıxmamışdı. Onun Dünya çempionatlarındakı əsas parlaq çıxışları 2014, 2018 və 2022-ci illərdə qeydə alınıb. Xüsusən, 2014-cü ildə Braziliyaya qarşı oyundakı performansı və 2022-ci ildə Robert Levandovskinin penalti zərbəsini dəf etməsi Oçoanın mundial tarixində ən yadda qalan anları arasında göstərilir.

DÇ-2026 ABŞ, Kanada və Meksikada keçiriləcək. Oçoanın turnirə qatılması Meksika futbolu üçün həm simvolik, həm də tarixi hadisə sayılır. O, uzun illər ərzində Meksika millisinin ən tanınmış simalarından biri olub və altı dəfə CONCACAF Gold Cup qalibi kimi də yadda qalıb.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.