Ermənistanın yeni Konstitusiyasının layihəsi noyabrın 23-də ictimaiyyətə təqdim olunacaq. Baş nazir Nikol Paşinyan həmin gün xalqa xüsusi müraciət edəcəyini açıqlayıb.
MSNews.az xəbər verir ki, Paşinyan bu barədə noyabrın 20-də Ermənistan parlamentində çıxışı zamanı bildirib.
“Bazar ertəsi Ədliyyə Nazirliyi yeni Konstitusiyanın layihəsini dərc edəcək, mən isə xalqa müraciət edəcəyəm”, – deyə Ermənistanın Baş naziri vurğulayıb.
Bu barədə Ermənistanın dövlət xəbər agentliyi “Armenpress” və “İnterfaks” məlumat yayıb.
Paşinyan müxalifətə yeni Konstitusiyanın referenduma çıxarılması üçün lazım olan altı əlavə səsi təmin etməyi təklif edib. O, referendumda layihə qəbul edilməzsə, rəsmi nəticələr açıqlandıqdan sonra bir həftə ərzində istefa verəcəyini bəyan edib.
Baş nazir həmçinin bildirib ki, yeni Konstitusiya referendumda qəbul olunarsa, növbəti parlament seçkilərində baş nazir postuna namizədliyini irəli sürməyəcək.
Qeyd edək ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi Azərbaycanla sülh danışıqlarının mühüm məsələlərindən biridir. Bakı mövcud Konstitusiyanın preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddialarının yer aldığını bildirir və bu müddəaların aradan qaldırılmasını tələb edir.
Yeni Konstitusiya layihəsində həmin məsələnin necə əks olunacağı sənədin 23 noyabrda dərc edilməsindən sonra məlum olacaq.