Ermənistanda səsvermə başa çatdı: fəallıq 58,97% oldu

Ermənistanda parlament seçkilərində səsvermə başa çatıb və bülletenlərin sayılmasına başlanılıb. MSK-nın yekun fəallıq məlumatına görə, seçicilərin 58,97%-i səsvermədə iştirak edib.

16

Ermənistanda parlament seçkilərində səsvermə başa çatıb və bütün seçki məntəqələrində bülletenlərin sayılması prosesinə başlanılıb.

MSNews.az xəbər verir ki, “Ermənistan İctimai Radiosu”nın məlumatına görə, səsvermə yerli vaxtla saat 20:00-da ölkə üzrə 2005 seçki məntəqəsində yekunlaşıb. Ermənistan Mərkəzi Seçki Komissiyası səsvermənin başa çatmasından sonra bülletenlərin hesablanmasına start verildiyini açıqlayıb.

Armenpress”in Ermənistan MSK-ya istinadən yaydığı məlumata görə, səsvermə hüququ olan 2503 976 vətəndaşdan 1476 597 nəfəri seçkilərdə iştirak edib. Bu, ümumi seçicilərin 58,97%-i deməkdir.

Vilayətlər üzrə ən yüksək fəallıq Sünikdə qeydə alınıb. Bu bölgədə 106972 seçicidən 71320 nəfər səs verib və fəallıq 66,67% təşkil edib. Növbəti yerlərdə Vayots Dzor 65,63%, Tavuş isə 63,40% göstərici ilə qərarlaşıb.

Paytaxt İrəvanda 849488 seçicidən 496643 nəfər səsvermədə iştirak edib. Bu, 58,46% fəallıq deməkdir. Araqatsotnda göstərici 61,70%, Kotaykda 61,66%, Araratda 59,87%, Loridə isə 58,59% olub.

Ən aşağı fəallıq Geqarkunik vilayətində qeydə alınıb. Burada seçicilərin 54,60%-i səs verib. Şirakda fəallıq 55,46%, Armavirdə isə 55,80% təşkil edib.

MSK-nın məlumatına əsasən, seçkilərdə 18 siyasi qüvvə — 16 partiya və 2 blok iştirak edib. Səsvermə yerli vaxtla saat 08:00-da başlayıb və 20:00-da başa çatıb. Seçkiləri 71 media qurumu işıqlandırıb, prosesə 13 yerli və 8 beynəlxalq müşahidə missiyası nəzarət edib.

Reuters” yazır ki, seçkilər Ermənistanın Azərbaycanla sülh prosesi, Türkiyə ilə münasibətlərin normallaşdırılması və Rusiyadan uzaqlaşaraq Qərblə yaxınlaşma kursu fonunda keçirilir. Agentlik qeyd edir ki, Nikol Paşinyanın hakim “Mülki Müqavilə” Partiyası seçkilərə sülh gündəliyi və Qərblə əməkdaşlığın genişləndirilməsi mesajı ilə qatılıb.

Associated Press”in məlumatına görə, Ermənistan seçkiləri həm ölkənin daxili siyasi kursu, həm də Rusiya və Avropa İttifaqı ilə münasibətlərin gələcək istiqaməti baxımından mühüm sınaq kimi qiymətləndirilir. Paşinyanın rəqibləri, xüsusilə Samvel Karapetyanla əlaqələndirilən “Güclü Ermənistan” bloku Rusiya ilə əlaqələrin qorunmasını müdafiə edir.

Seçkilər ərəfəsində Rusiya-Ermənistan münasibətlərində gərginlik artıb. Moskva Ermənistan məhsullarına qarşı bir sıra idxal məhdudiyyətləri tətbiq edib, həmçinin Yerevanın Avropa İttifaqı ilə yaxınlaşması fonunda enerji və ticarət rıçaqları ilə bağlı xəbərdarlıqlar səslənib. Aİ isə Rusiyanın bu addımlarını “iqtisadi məcburetmə” kimi qiymətləndirərək Ermənistana 50 milyon avrodan çox dəstək paketi hazırladığını açıqlayıb.

Seçki kampaniyası həm də hüquqi-siyasi gərginliklə müşayiət olunub. Səsvermədən bir gün əvvəl “Güclü Ermənistan” blokundan 6 namizəd saxlanılıb. Ermənistan hüquq-mühafizə orqanları bunu seçici rüşvəti və digər cinayət işləri ilə əlaqələndirir, müxalifət isə ittihamları siyasi motivli hesab edir.

Səsvermə başa çatdıqdan sonra bəzi yerli və regional media ilk exit-poll məlumatlarını yayıb. Hakim “Mülki Müqavilə” Partiyasının 56,7% nəticə ilə öndə olduğunu yazıb. Eyni məlumatda “Güclü Ermənistan” blokunun 17,5% səs topladığı iddia olunur. Bununla belə, Ermənistan MSK hələ rəsmi nəticələri açıqlamadığı üçün bu rəqəmlər ilkin və qeyri-rəsmi məlumat kimi qiymətləndirilməlidir.

Rəsmi nəticələr açıqlanmamışdan əvvəl Gürcüstanın sabiq prezidentinin Paşinyanı təbrik etməsi də diqqət çəkib. O, paylaşımında Ermənistanın “azad, müstəqil və avropaönümlü gələcəyin xeyrinə seçim etdiyi” bildirilib. Bu təbrik rəsmi nəticələr elan olunmamış səsləndiyi üçün sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Hazırda əsas diqqət Ermənistan MSK-nın açıqlayacağı ilkin rəsmi nəticələrə yönəlib. Seçkilərin yekunu ölkənin daxili siyasi balansı ilə yanaşı, Azərbaycanla sülh prosesi, Türkiyə ilə normallaşma, TRIPP layihəsi və Ermənistanın Rusiya-Qərb xəttində gələcək mövqeyi baxımından da mühüm əhəmiyyət daşıyır.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Xəbər lenti